Ağdamın Qərvənd kəndini Slovakiya şirkəti quracaq

 

Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. Ümid edirəm ki, bizim müştərək yolumuz çox uğurlu olacaq.

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri mayın 6-da Bakıda Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşdən sonra mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycan–Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda bərpa-quruculuq ilə bağlıdır. Ağdam rayonunun  Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək.

“Bu da təbii ki, böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək”, – deyə İlham Əliyev bildirib.

Biz Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq. Avropa İttifaqında Azərbaycanda olan obyektiv vəziyyəti təqdim etmək istəyirik.

Bunu isə Slovakiyanın Baş naziri Robert Fitso deyib.

Azərbaycanın öz suveren siyasəti ilə nümunəvi ölkə olduğunu bildirən Baş nazir “Siz ədalətsizliyə sinə gərirsiniz. Mən eyni yanaşmanı Slovakiyada tətbiq etməyə çalışacağam ki, Slovakiya da suveren xarici siyasət apara bilsin”, – deyə əlavə edib.

***

Qeyd edək ki, mayın 7-də Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub. Prezident İlham Əliyev və Baş nazir Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar. Həmçinin iki ölkənin müvafiq nazirlikləri arasında hərbi-texniki əməkdaşlıq sahəsində memorandum və müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.