Mayın 6-da Azərbaycan Rəssamlar İttifaqının (ARİ) V.Səmədova adına sərgi salonunda rəssam, dizayner Esmiralda Tağızadənin fərdi yaradıcılıq sərgisi açılıb. Sərgi rəssamın 70 illik yubileyinə həsr olunub. 

ARİ-nin katibi Xalq rəssamı Ağaəli İbrahimov çıxışında rəssamı “yaradıcılıq” sözünün mahiyyətini tam açaraq təqdim edən sənətkar kimi dəyərləndirib. Bildirib ki, Esmiralda Tağızadə Mədəniyyət və İncəsənət Universitetinin Dizayn fakültəsini bitirən ilk peşəkar rəssamlardandır. Onun ilk fərdi sərgisi 2000-ci ildə təşkil olunub. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə də məşğul olur.

Xalq rəssamı Arif Hüseynov,  “Yeni Gallery”in direktoru Rafael Gülməmmədli, “Bakı” Rəsm Qalereyasının rəhbəri Eldəniz Babayev çıxış edərək yubilyarı təbrik ediblər.

Esmiralda Tağızadə qonaqlara təşəkkür edərək sənətdə addımlamasında atasının böyük dəstək göstərdiyini deyib və ona təşəkkür edib.

Qeyd edək ki, mayın 13-dək ziyarət üçün açıq olacaq sərgidə rəssamın yubiley yaşına uyğun olaraq 70 əsəri yer alıb.

 

Lalə