AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Heydər Əliyev Əlyazmalar İnstitutunun qurucusudur” mövzusunda elmi sessiya keçirilib.
Bu barədə institutdan məlumat verilib. Tədbirdə çıxış edən Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Ümummilli Lider Heydər Əliyevin bütün mənalı ömrünü Azərbaycanın tərəqqisinə həsr etdiyini bildirib. O, Azərbaycanın elmi potensialının yüksəlməsində, maddi və mənəvi mədəniyyətinin qorunub inkişaf etdirilməsində Ulu Öndərin misilsiz xidmətlərindən söz açaraq, Əlyazmalar İnstitutunun məhz onun diqqət və qayğısı sayəsində yaradıldığını qeyd edib. Bu müəssisənin institut statusu alması və tarixi bir binada yerləşdirilməsinin görkəmli dövlət xadimi Heydər Əliyevin xidməti olduğunu diqqətə çatdıran alim bu dahi şəxsiyyətin sovet dövründə olduğu kimi, müstəqillik illərində də milli-mənəvi irsimizin daşıyıcıları olan yazılı abidələrimizin mühafizəsinə və tədqiqinə xüsusi diqqət yetirdiyini, onun siyasi kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Elmi sessiyada institutun əməkdaşlarının “Heydər Əliyev və Əlyazmalar İnstitutu” sənədli filminin yaranma tarixi”, “Heydər Əliyev və elm”, “Heydər Əliyev və mədəni irsimiz” və “Heydər Əliyev Əlyazmalar İnstitutunun əməkdaşlarının tədqiqatında” mövzularında məruzələri dinlənilib. Məruzələrdə Ulu Öndərin ölkəmizdə elmin, mədəniyyətin, incəsənətin inkişafına göstərdiyi qayğı diqqət mərkəzinə çəkilib, Əlyazmalar İnstitutunun alimlərinin Heydər Əliyevşünaslıq istiqamətində apardığı tədqiqatlar bir daha nəzərdən keçirilib, son on ildə mövzu ilə əlaqədar nəşr olunan monoqrafiyalar, tərtib kitabları, konfrans materialları, elmi məqalələr və toplanmış sənəd-informasiya resurslarının elmi ictimaiyyətin istinad etdiyi ən mötəbər elmi mənbələr olduğu bildirilib.
Sessiyada Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Əzizağa Nəcəfov, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri Kamandar Şərifov, elmi katib Samirə Əliyeva və Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xatirə Cabbarzadə Ulu Öndərin Azərbaycan elminə, ədəbiyyatına, əlyazmalar xəzinəsinə verdiyi töhfələrdən, Azərbaycan gənclərinin inkişafına göstərdiyi qayğı və diqqətdən bəhs edib, onun xalqın yaddaşında daim yaşayacağını vurğulayıblar.
Tədbirdə Əlyazmalar İnstitutunun ərsəyə gətirdiyi “Heydər Əliyev və Əlyazmalar İnstitutu” adlı sənədli film nümayiş olunub. İştirakçılar Ulu Öndər Heydər Əliyevə həsr edilmiş kitab sərgisi ilə tanış olublar.