Musiqi məktəbinin tar sinfi şagirdlərinin konserti

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 36 nömrəli Uşaq musiqi məktəbinin müəllimi, tarzən Rüfət Həsənovun şagirdləri mayın 8-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “11 simin sədası” adlı konsert proqramı ilə çıxış edib.

Musiqi axşamında əvvəlcə Rüfət Həsənovun pedaqoq və tarzən kimi fəaliyyətindən söz açılıb. Bildirilib ki, o, müxtəlif festivallara qatılıb, milli tar ifaçılığı sənətini layiqincə təmsil edib.

Pedaqoji fəaliyyətinin 20 illiyi ilə əlaqədar Rüfət Həsənova “Dədə Qorqud” Milli Fondunun mükafatı və BMM-in təbrik məktubu təqdim edilib. “Dədə Qorqud” fondunun sədri Eldar İsmayılov və BMM direktoru Əməkdar artist Sahib Paşazadə tarzənə yeni uğurlar arzulayıblar.

Rüfət Həsənovun müəllimləri – Xalq artistləri Ağaverdi Paşayev, Ağasəlim Abdullayev, Vamiq Məmmədəliyev, Ramiz Quliyev də ona təbriklərini çatdırıb, yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Sonra səhnə 36 nömrəli Uşaq musiqi məktəbi şagirdlərinin ixtiyarına verilib. Tarzənin yetirmələri rəngarəng musiqi nömrələri ilə ustad sənətkarların qarşısında öz məharətlərini göstəriblər.

Sonda Rüfət Həsənov çıxış edərək konsertin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.