9-18 may tarixlərində Qətər Dövlətinin paytaxtı Dohada 33-cü Beynəlxalq Kitab Sərgisi keçirilir.
34 ölkədən 340 nəşriyyatın təmsil olunduğu sərgi bu il “Bilik sivilizasiyalar qurur” mövzusuna həsr edilib. Builki sərginin fəxri qonaq ölkəsi Oman Sultanlığıdır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Qətərdəki səfirliyimizin dəstəyi ilə ölkəmiz sərgidə xüsusi stendlə təmsil olunur. 18 kvadratmetr sahədə qurulan milli stenddə 101 adda 200-ə yaxın nəşr nümunəsi təqdim olunur.
Milli stendimizdə nümayəndə heyəti tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi barədə sərgi iştirakçılarına və ziyarətçilərə ətraflı məlumat verilir.
Mayın 9-da – sərginin açılış günündə İndoneziya, Rusiya və İranın Qətərdəki səfirliklərinin nümayəndələri ziyarət ediblər.
Doha Beynəlxalq Kitab Sərgisi ilk dəfə 1972-ci ildə keçirilib. İki ildən bir keçirilən sərgi 2002-ci ildən etibarən hər il təşkil olunur.