Türkiyənin məşhur rəqs qrupu “Xarıbülbül” festivalında

 

11–13 may tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında müxtəlif ölkələrdən gəlmiş kollektivlər tamaşaçılara yüksək sənət zövqü yaşadıb.

Festivalın birinci günü Şuşada, Cıdır düzündə səhnəyə çıxan kollektivlərdən biri də Türkiyənin dünyaca məşhur “Anadolu atəşi” rəqs qrupu olub.

Türkiyəli rəqqaslar ilk dəfə qatıldıqları “Xarıbülbül” festivalında yüksək performans nümayiş etdiriblər. Qrupun çıxışları tamaşaçıların alqışları ilə müşayiət olunub.

1999-cu ildə Mustafa Ərdoğanın rəhbərliyi ilə yaradılmış “Anadolu atəşi”nin ilk adı “Rəqsin sultanları” olub. Doxsan nəfər gənc rəqqasla fəaliyyətə başlayan qrup 2002-ci ildən dünya turuna başlayıb, indiyədək 90-dan çox ölkədə ümumilikdə 3 mindən çox şou-proqram göstərib. Məşhur kollektiv bir neçə dəfə Azərbaycanda da qastrolda olub.

Anadoluda qovuşan Şərq və Qərb mədəniyyətlərinin təcəssümü olan rəqs qrupu bu torpaqların zəngin sənət irsini dünyaya tanıtmaqdadır.

***

Qeyd edək ki, festivalın birinci günündə Cıdır düzündəki səhnədə instrumental ifaçılar – Hüsnü Şənləndirici (Türkiyə) və Hüseyn Məhəmmədoğlu (Azərbaycan), Serkan Çağrı (Türkiyə) və Orxan Musayev (Azərbaycan), eləcə də Sənəm Abdolazimzadeh (İran) və Rəşad İlyasovun (Azərbaycan) iştirakı ilə konsert proqramları da təqdim edilib.