İkinci dəfə keçiriləcək
Mayın 20-dən 26-dək Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “II Bakı Müasir Musiqi Günləri” festivalı keçiriləcək.
Festivalda Azərbaycan musiqiçiləri (“Cadenza”, “BCMS” ansamblları) ilə yanaşı, Avstriya, Almaniya, Macarıstan, Norveç, ABŞ və Rusiyadan dəvət olunmuş ifaçıların iştirakı da nəzərdə tutulub.
Festivalın proqramı səhər, gündüz və axşam sessiyalarından ibarətdir – konsertlərin hamısı ictimaiyyət üçün açıqdır. Bundan əlavə, proqrama Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Beynəlxalq Muğam Mərkəzində ustad dərsləri, mühazirələr də daxildir.
Eyni zamanda Beynəlxalq Muğam Mərkəzində və Muzey Mərkəzində “Portretlər” adlı yaradıcılıq gecələri keçiriləcək. Festivalın axşam konsertləri Beynəlxalq Muğam Mərkəzində və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq.