Mayın 11-də Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyasının Estrada orkestrinin Ordu şəhərində “İki dövlət, bir millət” adlı konserti keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101, Azərbaycanın müstəqilliyini dünyaya bəyan etməsinin 106-cı ildönümünə həsr olunan konsert proqramı Ordu Mədəniyyət və Sənət Mərkəzində təşkil edilib.
Konsertdən öncə ölkəmizin Qars şəhərindəki baş konsulu Nuru Quliyevin və Milli Məclisin deputatı Cəbi Quliyevin çıxışları dinlənilib.
Musiqili gecədə Müslüm Maqomayevin “Azərbaycan”, Fikrət Əmirovun “Reyhan”, Aytən Alpmanın “Məmləkətim”, Üzeyir Hacıbəylinin “Çırpınırdın, Qara dəniz”, Emin Sabitoğlunun “Həyat bizimdir”, Elza İbrahimovanın “Ey Vətən”, Xanım İsmayılqızının “Dahi”, Kamalın “Xalq Heydər deyəcək”, Cavanşir Quliyevin “Azərbaycan-Türkiyə”, Ramiz Mirişlinin “Səadət” mahnıları, eləcə də xalq və xarici ölkə bəstəkarlarının əsərləri ifa edilib. Konsert proqramı alqışlarla qarşılanıb.