Milli Kitabxananın dövri mətbuat arxivindən (15)
Mətbuat xronikasında bu dəfə “Mədəniyyət” qəzetinə – otuz il əvvələ nəzər salacağıq. 1994-cü ilin mayı... Birinci Qarabağ müharibəsində atəş yenicə kəsilib, amma cəbhədə vəziyyət gərgindir. Bu günlərdə mədəniyyət xadimləri də cəbhə bölgələrinə gedərək hərbçilərimizə mənəvi dəstək olurlar... Şuşanın işğalından iki il ötür. Musiqimizin beşiyi ilə yanaşı, musiqi alətləri fabriki də düşmən əlindədir... Və dahi şair Məhəmməd Füzulinin 500 illik yubileyidir...
Seçmələrdə qəzetdəki orfoqrafiya saxlanılıb.
***
Aktyorlar cəbhə bölgələrində
Azərbaycan xalq artisti, respublika Dövlət və “Qızıl dərviş” mükafatları laureatı Yaşar Nurinin rəhbərliyi ilə Milli Dram Teatrının bir qrup aktyoru cəbhə bölgələrində olmuşdur. Onlar yeddi gün ərzində döyüşçülərlə görüşmüş, Vətən müdafiəçilərinin qarşısında rəngarəng proqramla çıxış etmişlər.
Açıq səma altında və əsgər kazarmalarında verilən tamaşalarda xalq artistləri Yaşar Nurinin, Zemfira Əliyevanın, əməkdar artistlər Hacı İsmayılovun, Elxan Ağahüseynoğlunun və başqalarının çıxışları hərarətli alqışlarla qarşılanmışdır. Söhbət zamanı döyüşçülər arzu etmişlər ki, incəsənət ustaları, o cümlədən teatr xadimləri tez-tez cəbhə bölgələrinə gəlsinlər. Onlar bildirmişlər ki, aktyorların, musiqiçilərin hər bir çıxışı əsgərlərimizin döyüş ruhunu yüksəldir, qələbəyə inamını artırır.
“Tar” müəssisəsi kara gəlir
Şuşa işğal olunandan sonra musiqi alətlərinə böyük ehtiyac duyulur. Musiqi alətləri fabriki düşmən əlinə keçən gündən iki ildən çox vaxt keçir. Bu ehtiyacı ödəmək məqsədilə Lerik musiqi məktəbinin müəllimi Sərhəng Qafarov “Tar” kiçik müəssisəsi yaratmışdır. Müəssisə yaxın vaxtlarda ilk məhsulunu buraxmışdır. İndi Lənkəran, Cəlilabad və Biləsuvar rayonlarından buraya tar almağa gəlirlər. Hamı Saday Mədətovun, Seyfəddin və Mirhəsən Qafarovların düzəltdikləri tarları bəyənir və onları böyük həvəslə alırlar. Bundan əlavə müəssisə təmirlə də məşğul olur. İndi bölgə musiqiçiləri alətlərini düzəltdirmək üçün daha Bakıya, Sumqayıta ayaq döymürlər. “Tar” müəssisəsi başqa musiqi alətləri istehsal etməyi də qərarlaşdırıb. Bunun üçün binaya ciddi ehtiyac var. Ümid edirik ki, Sərhəng müəllimin başladığı tarixi təşəbbüsdən Lerik İcra hakimiyyəti kömək əlini əsirgəməyəcək.
Dərbənd böyük Füzulini anır
Dərbəndin Cəliçoban kənd orta məktəbində Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinə həsr edilmiş ədəbi gecə keçirilmişdir. Azərbaycan dili və ədəbiyyatı müəllimi Sadir Mamayevin dərs dediyi şagirdlərin hazırladığı ədəbi-bədii gecədə dahi şairin həyat və yaradıcılığına həsr edilmiş məruzə dinlənilmiş, ölməz sənətkarın şer və qəzəlləri səslənmişdir.
“Mədəniyyət” qəzeti, 14 may 1994-cü il