Azərbaycan 9-12 may tarixlərində İstanbulda keçirilən “Oğuz Çepni” mədəniyyət günlərində təmsil olunub.
İstanbul Böyükşəhər Bələdiyyəsinin mədəni görüşləri çərçivəsində baş tutan, Anadolu mədəniyyətinin təbliğ olunduğu, dostluq və birliyi tərənnüm edən tədbirdə “TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının müəllifi və aparıcısı, İstanbul Universitetinin doktorantı Səidə Ömər də iştirak edib.
Milli musiqi və rəqslərimiz haqqında iştirakçılara məlumat verən həmvətənimiz qeyd edib ki, Azərbaycan xalqını yaxından tanımaq istəyənlər dünya musiqi xəzinəsinin incisi, UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamları, eləcə də xalq və bəstəkar mahnılarını dinləməlidirlər.
Tədbirin 12 may – “Analar Günü” ərəfəsində keçirildiyinə diqqət çəkən Səidə Ömər zəriflik nümunəsi olan Azərbaycan qadın rəqslərindən də söz açıb: “Bizim milli rəqslərimiz igidliyi təmsil etməklə yanaşı, həm də Azərbaycan qadınına məxsus zəriflik, incəlik və gözəlliyi özündə əks etdirir”.
Səidə Ömərin ifasında “Xalabacı” rəqsi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.