Erməni havasına oynayan yerli siyasətbazlara inad olaraq
XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın Fransanın Evian-lö-Bən şəhərindən gətirilmiş abidəsi Parisdə, Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinin həyətində yenidən ucaldılıb.
Ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva abidənin tarixi haqqında məlumat verib. Qeyd edib ki, 2017-ci ildə Azərbaycanın İsmayıllı və Fransanın Evian-lö-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Evian şəhərində, Leman gölü sahilində “Azərbaycan parkı”nın rəsmi açılış mərasimi olub. Eyni zamanda İsmayıllı şəhəri tərəfindən Xurşidbanu Natəvanın heykəli Evian-lö-Bən şəhərinə hədiyyə edilib. Abidə “Azərbaycan parkı”nda ucaldılıb.
Ancaq 2023-cü il dekabrın 18-də radikal qüvvələr abidəyə qarşı vandalizm aktı törədib. Evian-lö-Bən şəhəri meriyasının qərəzli mövqeyi bir neçə ay davam edib, abidənin bərpası və təmizlənməsi istiqamətində heç bir addım atılmayıb. Həmçinin, meriya gələcəkdə bu abidəyə qarşı vandalizm aktının təkrarlanmayacağına zəmanət vermədiyi üçün Azərbaycan tərəfi həmin abidəni geri götürüb. Qısa zamanda təmizlənmiş və bərpa edilmiş heykəl Parisdə Eyfel qülləsinin yanında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində yenidən ucaldılıb.
Abidənin açılışında Fransada yaşayan azərbaycanlı opera müğənnisi Timur Abdikeyev Üzeyir Hacıbəylinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin sözlərinə yazdığı “Sevgili canan” romansını ifa edib.
Xatırladaq ki, sözügedən vandalizm aktından sonra İsmayıllı Rayon İcra Hakimiyyəti Evian-lö-Bən şəhəri ilə dostluq və əməkdaşlıq xartiyasını ləğv edib.