Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının 11-ci ildönümünə həsr olunmuş konsert keçirilib.
Mərkəzin rəhbəri Leyla Qasımova ötən müddətdə həyata keçirilən layihə və tədbirlərdən söz açıb. Bildirib ki, Azərbaycan mədəniyyətinin Avstriyada təqdimatında və iki ölkə arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayan mərkəz eyni zamanda Azərbaycan dilinin həm əcnəbilər, həm də Avstriyada yaşayan soydaşlarımızın övladları üçün tədrisi ilə bağlı kurslar təşkil edir.
Konsertdə Avstriyada yaşayan azərbaycanlı musiqiçilər Abuzər Manafzadə (fortepiano), Günel Şirinova (soprano) və Ümid Gürci (bariton) Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnılarından ibarət proqramla çıxış ediblər. A.Manafzadə yeni işıq üzü görmüş “İnsomnia“ albomundan bir neçə əsər səsləndirib və imzalı diski Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim edib.