Mayın 15-də Milli Kitabxanada Mədəniyyət Nazirliyinin tabeliyində olan Bakı şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemlərinin mütəxəssisləri üçün KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar növbəti treninqə başlanılıb.
Bu barədə Milli Kitabxanadan bildirilib.
Kitabxananın direktoru professor Kərim Tahirovun sözlərinə görə, bugünkü treninqin məqsədi KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin ikinci mərhələsi (proqramın öyrənilməsi və region kitabxanalarında tətbiqi) ilə əlaqədardır.
Qeyd edilib ki, KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin kitabxanalarda tətbiqi Milli Kitabxananın 850 mindən çox zəngin fondundan istifadə etmə imkanı verərək oxuculara xidməti operativləşdirmək, asanlaşdırmaq və kifayət qədər sürətləndirmək imkanı yaradacaq.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Marifli KOHA proqramının tətbiqinin ölkədə kitabxana sahəsində keçirilən islahatlar dönəmində bir yenilik və optimallaşmanın əsas xətti kimi xarakterizə edib. Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi olan KOHA proqramının dünyanın 70-dən çox ölkəsində tətbiq olunduğunu vurğuluyaraq proqramının əsas üstün cəhətlərini qeyd edib.
Mayın 18-də başa çatacaq treninqdə 14 mütəxəssis iştirak edir.