Mayın 15-də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində Əməkdar incəsənət xadimi, bəstəkar Cəlal Abbasov və onun tələbələrinin əsərlərindən ibarət konsert təşkil olunub.
Kollecin şöbə müdiri Sevinc Seyidova Cəlal Abbasovun Azərbaycan musiqi mədəniyyətinin tərəqqisində xidmətlərindən danışıb. Bildirib ki, müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Cəlal Abbasovun müxtəlif janrlarda yazdığı böyük mənəvi və əxlaqi keyfiyyət qazanan əsərləri nəinki ölkəmizdə, həmçinin onun hüdudlarından kənarda – ABŞ, Almaniya, Avstriya, Fransa və s. ölkələrdə səslənərək dinləyici rəğbəti qazanıb.
Konsert proqramında Cəlal Abbasov məktəbinin yetirmələri olan gənc bəstəkarların əsərləri kollecin tələbələrinin ifasında səsləndirilib.