TÜRKSOY-a üzv olan ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 10-cu iclası mayın 16-da Türkmənistanın paytaxtı Aşqabadda keçirilib.
Ölkəmizin Türkmənistandakı səfirliyindən verilən məlumata əsasən, tədbirin məqsədi Türk dövlətlərinin mədəniyyət, sənədli irs, elm və təhsil sahələrində əməkdaşlığını gücləndirmək, birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparmaqdır.
Tədbirdə TÜRKSOY, TÜRKPA, Türk Mədəniyyəti və İrsi Fondu və Beynəlxalq Türk Akademiyasının, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Monqolustanın UNESCO üzrə milli komissiyalarının rəhbər və nümayəndələri iştirak ediblər.
İclasda Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, Xarici İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak edərək müvafiq sahələr üzrə təqdimatlarla çıxış ediblər.
Mərasimdə TÜRKSOY-a üzv olan ölkələrin UNESCO üzrə milli komissiyalarına sədrlik funksiyası Azərbaycandan Türkmənistana verilib. TÜRKSOY-a üzv olan ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclası 2023-cü ildə Bakı və Şuşa şəhərlərində keçirilib.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi - xüsusi tapşırıqlar üzrə səfir Seymur Fətəliyev tədbirdə çıxış edərək sədrliyin Türkmənistana ötürülməsini ifadə edən simvolik hədiyyəni - Azərbaycanın Zəfər simvolu olan “Xarıbülbül” hədiyyəsini türkmənistanlı həmkarı Çinar Rüstəmovaya təqdim edib. Seymur Fətəliyev çıxışında Milli Komissiyalara sədrlik dövründə Azərbaycan tərəfindən həyata keçirilən tədbirlərdən və görülən işlərdən danışıb. O, Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” sözlərini xatırladaraq Türk dövlətlərinin mədəni irs, təhsil, elm və digər aidiyyəti sahələr üzrə UNESCO çərçivəsində əməkdaşlıq üçün gözəl imkanlarının olduğunu vurğulayıb və birgə əməkdaşlıqla bağlı UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təkliflərini səsləndirib.
Tədbirdə çıxış edən Türkmənistanın xarici işlər naziri, UNESCO üzrə Türkmənistan Milli Komissiyasının sədri Raşid Meredov ölkəsinin TÜRKSOY və UNESCO ilə əməkdaşlığının gücləndirilməsinə verdiyi əhəmiyyətdən, böyük türkmən şairi və filosofu Məhdimqulu Fəraqinin 300 illik yubileyinin UNESCO çərçivəsində və milli səviyyədə qeyd olunması ilə bağlı nəzərdə tutulan tədbirlərdən danışıb.
Tədbir daha sonra mədəni irs, qeyri-maddi mədəni irs, təhsil və elm sahələri üzrə təşkil olunan sessiyalarla öz işini davam etdirib. Ölkəmizi təmsil edən ekspertlər tərəfindən müvafiq təqdimatlar edilib və əməkdaşlığın müxtəlif aspektləri üzrə müzakirələr aparılıb. Növbəti 11-ci iclasın Qazaxıstanın Astana və Aktau şəhərlərində keçirilməsi təklif edilib.
Sonda milli komissiyaların rəhbərləri Türk dünyasının mədəniyyət və incəsənətinə verdikləri töhfələrə görə TÜRKSOY-un Baş katibi Sultan Raev tərəfindən təşkilatın medal və plaketləri ilə təltif olunub.
Qeyd olunan iclasla yanaşı, tədbir iştirakçılarının 17-18 may tarixlərində Aşqabadda və Türk dünyasının 2024-cü il üzrə mədəniyyət paytaxtı elan edilmiş Anev şəhərində keçiriləcək görkəmli şair və filosof Məhdimqulu Fəraqinin 300 illik yubileyinə həsr olunmuş Beynəlxalq Forum və digər mədəni tədbirlərdə iştirakı da nəzərdə tutulub.