Mayın 18-də Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyində bir sıra tədbirlər təşkil olunacaq.
Muzeydən bildirilib ki, saat 11:00-dan 19:00-dək “Açıq qapı” aksiyası və Azərbaycan dilində ödənişsiz ekskursiyalar reallaşacaq. Bununla yanaşı, dahi şair Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan “Sənətdə bənzərsiz eşq” sərgisi açılacaq.
Sərgidə Xalq rəssamlarından Lətif Kərimovun “Füzuli”, “Şəbi-hicran”, Eldar Mikayılzadənin “Şəbi-hicran”, “Leyli və Məcnun”, Aydın Rəcəbovun “Füzuli dünyası”, sənətşünaslıq üzrə elmlər namizədi Cəfər Mücirinin “Füzuli”, rəssam Gülmurad Bəbirovun “Füzuli” xalçaları nümayiş olunacaq.
Ekspozisiyada Xalq rəssamı Kamil Əliyevə aid “Füzuli” (1958) xalçasının eskizi, Rafiq Qəmbərovun “Füzuli” dekorativ pannosu, həmçinin ilk dəfə olaraq görkəmli sənətkar Lətif Kərimovun Füzuliyə dair kitablara çəkdiyi bədii tərtibatlardan elementlər yer alacaq. Dahi şairin zəngin irsinin təcəssümü olan bu sənət nümunələri Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasındandır. Sərgi mayın 30-dək davam edəcək.
Muzeyin balaca dostları üçün Uşaq şöbəsinin əməkdaşları “Leyli və Məcnun” kölgə teatr tamaşası hazırlayıb. Tədbir çərçivəsində, həmçinin ustad dərslərinin keçirilməsi planlaşdırılıb.