Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı VIII “İrs İstanbul – 2024” Sərgisində iştirak edir.
20 ölkədən ümumilikdə 9 minə yaxın mütəxəssisin qatıldığı, 15 may tarixində işə başlayan sərgi mədəni irsin qorunması, tədqiqi və bərpası sahəsində təcrübə mübadiləsinin aparılması baxımından diqqətəlayiq platformadır.
Dövlət Xidmətinin nümayəndə heyəti Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin İstanbul Bərpa və Konservasiya Mərkəzi və Bölgə Laboratoriya İdarəsində mədəni irs nümunələrinin bərpa laboratoriyasının fəaliyyəti ilə tanış olublar. Diqqətə çatdırılıb ki, laboratoriyada memarlıq abidələrinin bərpa-konservasiyadan öncə dərin analizləri aparılır, tikinti və bərkidici materialların tərkibi araşdırılır və bərpa üçün eyni materiallar hazırlanır. Laboratoriyada həmçinin muzey eksponatlarının da bərpası həyata keçirilir.
Sonra İstanbul Arxeologiya Muzeyində müxtəlif dövrlərə aid zəngin eksponatların mühafizəsi, sərgilənməsi və muzey xidmətlərinin göstərilməsi sahəsində qardaş ölkənin təcrübəsi ilə də tanışlıq olub. Məlumat verilib ki, muzey müxtəlif dövrlərə və mədəniyyətlərə aid bir milyondan artıq eksponatla dünyanın ən böyük muzeyləri sırasındadır.
Sərgi çərçivəsində İstanbul Tədqiqat və Abidələr İdarəsində bərpa-konservasiya işlərində Türkiyə təcrübəsi ilə bağlı təqdimat nümayiş olunub.
Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
VIII “İrs İstanbul – 2024” Sərgisi mayın 17-də başa çatacaq.