Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilən əlamətdar günün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərmək, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına töhfə verməkdir.
Əlamətdar gün hər il müxtəlif devizlər altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərdə təhsil və tədqiqat” mövzusuna həsr olunub.
İnsanların asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı” olacaq. Vətəndaşlar və ölkəmizin qonaqları 18 may tarixində bu linkdə (https://shorturl.at/KrA7v) göstərilən muzeyləri ödənişsiz olaraq ziyarət etmək imkanı əldə edəcəklər.