Səkkizyaşlı skripkaçı Dilşad Fərhadzadə Dinu Lipatti adına XII beynəlxalq müsabiqədə (İtaliya) mütləq birinci yerin sahibi olub. Dilşad Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi, beynəlxalq müsabiqələrin iştirakçısı və laureatıdır.

“Fortepiano və simli alətlər” ixtisasları üzrə Dinu Lipatti adına XII beynəlxalq müsabiqə mayın 6-dan 10-dək İtaliyanın Tivoli şəhərində keçirilib. Azərbaycandan olan gənc skripkaçı kiçik yaş kateqoriyasında çıxış edib, final turunda Frits Kreyslerin “Prelüdiya və alleqro” pyesini ifa edib.

Dilşadı müsabiqədə müşayiət edən müəllimi Lalə Hüseynovanın sözlərinə görə, istedadlı qızın parlaq çıxışı dinləyiciləri riqqətə gətirib: “Onu sürəkli alqışlarla səhnədən buraxmırdılar, münsiflər heyətinin üzvləri etiraf edirdilər ki, Dilşadın ifası onları çox təsirləndirib. İfaçı üçün ən böyük mükafat və qələbə dinləyicini etinasız qalmağa qoymamağı və onun qəlbinin incəliklərinə toxunmağı bacarmaqdır”.

Gənc skripkaçı finalda olmağından xoşbəxt idi və əlbəttə ki, belə ciddi müsabiqədə qələbə qazanmağına çox sevinirdi. Dilşadın sözlərinə görə, Roma və tədbirin keçirildiyi Tivoli çox xoşuna gəlib. O, gözəl şəhərdə yenidən bu müsabiqədə, lakin artıq böyük yaş qrupunda iştirak etməyi arzulayır.

Skripkaçı mütləq birinci yerə layiq görüldükdən sonra ondan laureatların təltif olunması mərasimində qala-konsertdə də çıxış etməsini xahiş ediblər.