Ənənəvi olaraq hər il Xalq şairi Rəsul Rzanın Göyçaydakı ev-muzeyində görkəmli şairin doğum günü qeyd edilir.
Mayın 17-də şairin anadan olmasının 114-cü ildönümünə həsr edilmiş tədbirdə ədibin ev- muzeyində fəaliyyət göstərən Rəsul Rza adına Poeziya Klubunun və Rəsul Rza adına “Gənc yazarlar” dərnəyinin üzvləri, rayonda fəaliyyət göstərən muzey və kitabxanaların nümayəndələri, Xalq şairinin adına Göyçay şəhər 1 nömrəli tam orta məktəbinin, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Arif Məmmədov adına 7 illik Uşaq Musiqi məktəbinin bir qrup müəllim və şagirdləri iştirak ediblər.
Tədbir şairin öz səsi ilə “Gələcəyə səyahət” (Pəncərəmi açdım sabaha) şeirinin lent yazısının səsləndirilməsi ilə başlayır.
Rəsul Rzanın ev- muzeyinin direktoru Solmaz Həsənova şairin mənalı həyat yolundan, ictimai fəaliyyətindən, parlaq ədəbi yaradıcılığından danışaraq onun Azərbaycan poeziyasının zənginləşməsində misilsiz xidmətlərini qeyd edib.
Rəsul Rza adına Poeziya Klubunun və “Gənc yazarlar” dərnəyinin rəhbəri, AYB-nin üzvü Adil Məmməd Rəsul Rzanın əsərlərinin poetikasından, bədii keyfiyyətlərindən, mütərəqqi ənənəyə söykənərək poeziyamıza gətirdiyi məzmun və forma yeniliklərindən, böyük bir şair nəslinin yetişməsində xidmətlərindən söz açaraq qeyd edib ki, onun həmişəyaşar irsi bundan sonra da neçə-neçə nəslin estetik zövqünün formalaşmasında mühüm rol oynayacaqdır.
Tədbirdə şairin adını daşıyan şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri Rəsul Rzanın şeirlərindən ibarət kompozisiya təqdim ediblər. Arif Məmmədov adına Göyçay 7 illik uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin hazırladıqları musiqi proqramı maraqla qarşılanıb.
Sonda şairin ömür-gün yoldaşı və məslək dostu, Xalq şairi Nigar Rəfibəylinin sözlərinə Emin Sabitoğlunun bəstələdiyi “Ala gözlüm” mahnısı ifa olunub.