Həsən Məmmədov “Böyük dayaq”la anıldı
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsi davam edir. Azərbaycan Respublikası Kino Agentliyi, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə keçirilən layihənin məqsədi milli kino ənənələrinin təbliğidir.
Mayın 17-də Nizami Kino Mərkəzində keçirilən layihənin növbəti tədbiri görkəmli aktyor, Xalq artisti, Dövlət mükafatı laureatı Həsən Məmmədova (1938–2003) həsr olunmuşdu.
Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev unudulmaz sənətkarın Azərbaycan kino sənətinə bəxş etdiyi müxtəlif obrazlar haqqında danışdı. Bildirdi ki, əsl yaradıcılıq orijinal təqdimat, fərdilik tələb edir. Həsən Məmmədov da ekran obrazlarını bənzərsiz, məzmunlu çalarlarla, yüksək sənətkarlıqla təqdim edib. Onun çəkildiyi filmlər bu gün də maraqla baxılır. O, “Böyük dayaq”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “İstintaq”, “Dədə Qorqud”, “Axırıncı aşırım”, “Sevil”, “Yeddi oğul istərəm”, “Bir cənub şəhərində” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb: “O, kino sahəsinə “Böyük dayaq” filmində oynadığı Qaraş rolu ilə gəlmişdi. Bu debütdən sonra qarşıda bizi sevə-sevə izləyəcəyimiz neçə-neçə film gözləyirdi. Məlahətli səsə, səmimi çöhrəyə malik Həsən Məmmədovun yaratdığı obrazlara baxarkən hər dəfə yeni nələrsə kəşf edirik. Böyük sənətkarın daxili aləmində bir ağayanalıq, kübarlıq hiss olunurdu. O, bənzərsiz səsi ilə də milyonların qəlbini fəth etmişdi. Həsən Məmmədovun kinoda həyat verdiyi personajlar öz intellektual səviyyəsi, təbiətcə sakitliyi və təvazökarlığı ilə seçilir”.
Cəmil Quliyev sonra “Böyük dayaq” filmi haqqında söz açdı. Dedi ki, 1962-ci ildə Həbib İsmayılovun rejissorluğu ilə, Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında çəkilən film Azərbaycan kinosunun dəyərli nümunələrindəndir. Filmdə Həsən Məmmədov, Ələsgər Ələkbərov, Tamilla Rüstəmova, Leyla Rzayeva və digər tanınmış aktyorlar rol alıb. Ekran işində o dövrün Azərbaycan kəndini bütün xarakterik əlamətləri ilə görürük. Bu həm ssenaristin və quruluşçu rejissorun, rəssamın və operatorun, eyni zamanda bəstəkarın və bütün aktyor ansamblının xidmətidir. Filmin ssenari müəllifi Mirzə İbrahimov, operatoru Xan Babayev, bəstəkarı Fikrət Əmirov, rəssamı Məmməd Hüseynov, geyim üzrə rəssamı Bədurə Əfqanlı, səs rejissoru Əziz Şeyxovdur.
Çıxışdan sonra “Böyük dayaq” bədii filmi nümayiş olundu.
Lalə