Mədəniyyət Nazirliyində Pantomima Teatrının kollektivi ilə görüş
Bu il Azərbaycan Dövlət Pantomima Teatrının fəaliyyətə başlamasının 30 illik yubileyidir.
Mayın 17-də Mədəniyyət Nazirliyində teatrın kollektivi ilə görüş keçirilib.
Mədəniyyət naziri Adil Kərimli yubiley münasibətilə teatrın kollektivinə təbriklərini çatdırıb, yaradıcılıq uğurları arzulayıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə mədəniyyət sahəsinin, o cümlədən teatr sənətinin inkişafına diqqət və qayğı göstərilir. Bu günlərdə Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilməsi bunun daha bir təzahürüdür.
Bildirilib ki, Pantomima teatrının müasir Azərbaycan səhnə sənəti salnaməsində məxsusi yeri var. Yaradıcı kollektivin təqdim etdiyi yeni teatr estetikası təkcə ölkəmizdə deyil, eyni zamanda bir sıra ölkələrdə də maraq və rəğbətlə qarşılanır.
Pantomima teatrının da fəaliyyəti dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib, əməkdaşlar bir sıra dövlət təltiflərinə layiq görülüblər.
Teatrın bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadə çıxış edərək teatrın fəaliyyətinə verilən dəyərə görə minnətdarlığını bildirib. Deyib ki, kollektiv son aylarda 4 beynəlxalq festivalda iştirak edib. Dövlət dəstəyi olmadan bu qastrolları gerçəkləşdirmək mümkün deyil.
Xalq artistləri Hacı İsmayılov, Nurəddin Mehdixanlı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və başqaları çıxış edərək Pantomima teatrının kollektivini təbrik edib, yeni səhnə uğurları arzulayıblar.
Mimçiləri yubiley münasibətilə təbrik edən Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, həmçinin rəhbəri olduğu sənət ocağına “milli” statusun verilməsinə görə ölkə rəhbərliyinə teatrın kollektivi adından minnətdarlığını bildirib. Qeyd edib ki, bu status həm də yaradıcı kollektiv üçün böyük məsuliyyət deməkdir.
Görüşdə yubiley münasibətilə teatrın kollektivinə Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub. Sonra xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Pantomima Teatrı 16 may 1994-cü ildə Mədəniyyət Nazirliyinin sərəncamı ilə “Dəli yığıncağı” Pantomima teatr-studiyası kimi yaranıb və Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərib. Teatrın əsası Xalq artisti Bəxtiyar Xanızadə tərəfindən qoyulub. 2000-ci ildə teatr-studiyaya “dövlət” statusu verilib.
Teatrın repertuarında Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərləri ilə yanaşı, müasir müəlliflərin də yaradıcılıq nümunələri yer alır. Kollektiv qatıldığı çoxsaylı beynəlxalq festivallarda ölkəmizin teatr mədəniyyətini layiqincə təmsil edir.