20-22 may tarixlərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı keçiriləcək.
Festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Universiteti, T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının Teatr Kolleci, Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu, Türkiyədən isə Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyası iştirak edəcək.
Mayın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında festivala həsr olunan mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında TÜRKSOY rəhbərliyi, türkdilli ölkələrdən festivala qatılan ali məktəblərin rektorları və münsiflər heyəti festivalla bağlı məlumat verəcək, media mənsublarının sualları cavablandırılacaq. Daha sonra festivalın açılış mərasimi olacaq.
Açılış mərasiminin ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi, rejissoru Əməkdar artist Nicat Kazımovdur.
Açılış tədbirində ADMİU-nun Xalq çalğı alətləri orkestri (bədii rəhbər və dirijor Mustafa Aşurov), tələbə xoru (bədii rəhbər və dirijor Təranə Yusifova), universitetin müəllim və tələbələri, müxtəlif illərdə məzun olmuş tanınmış aktyorlar, habelə Bakı Xoreoqrafiya Akademiyasının tələbə və şagirdlərindən ibarət rəqs kollektivi iştirak edəcək.
Festival boyunca 20-22 may tarixlərində Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı və Akademik Rus Dram Teatrında iştirakçı tələbələrin tamaşaları təqdim olunacaq.
Mayın 22-də Milli Gənc Tamaşaçılar Teatrında festivalın rəsmi bağlanış və mükafatlandırma mərasimi keçiriləcək.