Xəbər verildiyi kimi, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko 15-17 may tarixlərində Azərbaycan Respublikasına dövlət səfəri edib.

Mayın 17-də səfər proqramı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində – Füzuli və Şuşa şəhərlərində davam edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin baş planı ilə tanış olublar. Baş plana uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verilib.

Sonra Azərbaycan və Belarus liderləri Şuşa şəhərinə gəliblər.

Prezidentlər Şuşada birinci yaşayış kompleksində olublar.

İlham Əliyev və Aleksandr Lukaşenko Şuşada Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus rəhbərinin hədiyyə etdiyi traktorlara baxıblar.

Ali qonağa Şuşanın baş planı barədə məlumat verilib.

Prezidentlər Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar.

Dövlət başçıları daha sonra Şuşada Bülbülün ev-muzeyini ziyarət ediblər.

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə də olublar.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına dövlət səfəri mayın 17-də başa çatıb. Ali qonaq Füzuli Beynəlxalq Hava Limanından ölkəsinə yola düşüb.