Mayın 18-i Beynəlxalq Muzeylər Günüdür. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 47 il öncə – 1977-ci ildə təsis edilən əlamətdar gün hər il müxtəlif devizlər altında qeyd olunur. Bu ilin mövzusu “Muzeylərdə təhsil və tədqiqat” adlanır.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Günü ölkəmizdə müxtəlif maraqlı aksiyalarla yadda qalır, muzeylərdə “açıq qapı” elan edilir.

Builki əlamətdar gün münasibətilə “Bir muzeyin sirri” adlı layihə həyata keçirilir. Layihənin məqsədi gənc nəslin maariflənməsində müstəsna əhəmiyyəti olan muzeylərin təbliği, o cümlədən yutub platforması və digər sosial şəbəkələr vasitəsilə daha geniş auditoriyanın mədəni irsimiz barədə məlumatlandırılmasıdır.

Layihə çərçivəsində tanınmış simaların təqdimatı ilə videoçarxlar hazırlanaraq  Bakı şəhərində fəaliyyət göstərən muzeylərin yutub və başqa sosial şəbəkə hesablarında paylaşılır. Videoçarxlarda xalqımızın çoxəsrlik tarixi-mədəni və ədəbi mirasının qorunub gələcək nəsillərə çatdırıldığı muzeylərin əhəmiyyəti vurğulanır, bu mədəniyyət ocaqlarının ziyarəti təşviq olunur.