Prezident İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub.
Dövlət başçısına kəndin Baş planı üzrə görüləcək işlər barədə məlumat verilib.
Bildirildi ki, 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 157,54 hektar olacaq. Həmin müddətdə kənddə 2360 sakin üçün 590 fərdi evin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulub.
Vurğulandı ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Bu kənddə də inzibati bina, klub-icma, idman sağlamlıq mərkəzləri, həkim məntəqəsi, mərasim evi, bazar kompleksi, ticarət, ictimai-iaşə, kiçik sahibkarlıq obyektlərinin layihələndirilməsi planlaşdırılır. Bundan başqa, Baş plana əsasən, kənddə tam orta məktəb üçün bina və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub.
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən burada məskunlaşacaq əhalinin yaşayış yükü nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 50 hektar yer ayrılıb. Bu mərhələdə 944 sakin üçün 236 fərdi ev tikiləcək.
Prezident İlham Əliyev Maşanlı kəndinin təməlini qoyub.
***
Prezident İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub.
Dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verilib.
Bildirilib ki, Cəbrayıl rayonunun Sarıcallı kəndi şimaldan yeni salınan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, şimal-şərqdən Şükürbəyli kəndi, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti, cənub-qərbdən və qərbdən Soltanlı kəndi ilə əhatə olunub.
Qeyd olunub ki, Baş planda kəndin ümumi sahəsi 330 hektar təşkil edir. 2040-cı ilədək 4740 nəfər əhali üçün 1185 fərdi evin və bir neçə mərtəbəli bloklu binaların layihələndirilməsi nəzərdə tutulur. Burada inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, yanğınsöndürmə deposu, aqrotexniki park, mərasim evi, kənd bazarı, kiçik sahibkarlıq obyektləri tikiləcək. Bundan başqa, əhalinin tələbatına uyğun iki tam orta məktəb və 4 uşaq bağçasının layihələndirilməsi də nəzərdə tutulur. Ümumiyyətlə, bu yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq.
2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 104 hektardır. Bu mərhələdə kəndə 1016 sakinin köçürülməsi üçün 242 fərdi ev inşa olunacaq.
Prezident İlham Əliyev Sarıcallı kəndinin təməlini qoyub.
***
Dövlət başçısı Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlqoyma mərasimində iştirak edib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına kəndin Baş planı üzrə görüləcək işlərlə bağlı məlumat verdi.
Bildirilib ki, Böyük Mərcanlı kəndi Araz vadisində, Cəbrayıl şəhərindən 22 kilometr məsafədə yerləşir. Cəbrayıl rayonunun ən iri yaşayış məntəqələrindən biridir.
Baş plana əsasən kəndin ümumi sahəsi 362 hektar təşkil edir. 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları layihələndirilib. Burada inzibati bina, klub-icma mərkəzi, çoxfunksiyalı bina, idman və ailə-sağlamlıq mərkəzləri, mərasim evi, bazar kompleksi və digər qeyri-yaşayış obyektlərinin tikintisi nəzərdə tutulur. Həmçinin Böyük Mərcanlı kəndində əhalinin tələbatına uyğun olaraq iki məktəb və beş uşaq bağçası inşa olunacaq.
2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır. Bu mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.
Prezident İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini qoyub.
***
Prezident İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Karxulu kəndinin təməlinin qoyulması mərasimində iştirak edib.
Dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verilib.
Bildirildi ki, Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Karxulu kəndi şimaldan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti ilə əhatə olunub.
2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində kənddə 4428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur.
Kənddə inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, kiçik sahibkarlıq obyektləri inşa olunacaq. Bundan başqa, Baş plana müvafiq olaraq, kənddə əhalinin tələbatına uyğun iki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək.
2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 125 hektardır. Bu mərhələdə 691 sakin üçün 145 fərdi evin layihələndirilməsi və tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, dövlət başçısının tapşırıqlarına əsasən, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.
Prezident İlham Əliyev Karxulu kəndinin təməlini qoyub.