Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Çingiz Aytmatovun romanı əsasında hazırlanan “Əsrə bərabər gün” tamaşasına baxış olub.
Teatrdan bildirilib ki, tamaşaçılar arasında TÜRKSOY-un baş katibi Sultan Raev, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, digər qonaqlar olub.
Səhnə əsərini yüksək qiymətləndirən qonaqlar tamaşanın türkdilli ölkələrdə keçirilən teatr festivallarında nümayişini təklif edib, qastrol səfərlərinin təşkili ilə bağlı müzakirə aparılıb.
“Əsrə bərabər gün” tamaşasının müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.
Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Laləzar Mustafayeva, Cəfər Namiq Kamal, Bəsti Cəfərova, Rafiq Əzimov, Hacı İsmayılov, Sabir Məmmədov, Əməkdar artistlər Abbas Qəhrəmanov, Elşən Rüstəmov, Anar Heybətov, Vəfa Rzayeva, aktyorlar Şəhla Əliqızı, İlyas Əhmədov, Afət Məmmədova, Rüstəm Rüstəmov, Cavidan Novruzov və başqaları iştirak ediblər.
Səhnə əsərinin bəstəkarı Azər Hacıəsgərli, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Qrafika və montaj işi Binyamin Sailov, Tərlan Əsgərli və Ruslan Kərimova məxsusdur. Tamaşanı Nərmin Həsənova, Ceyran Başaran və Dilbər İsmayılova idarə ediblər.