Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və BMA-nın məktəb-studiyasının birgə layihəsi kimi aprel-may aylarında keçirilən Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsi başa çatıb. Müsabiqə Elm və Təhsil, Mədəniyyət nazirliklərinin dəstəyi ilə gerçəkləşib.
Layihənin ideya müəllifi Azərbaycan musiqi elminə innovativ xarakterli töhfələr bəxş etmiş, BMA-nın məktəb-studiyasının yaradıcısı və 40 ildən artıq rəhbəri olmuş Əməkdar incəsənət xadimi, professor mərhum Tərlan Seyidovdur.
Bu barədə məlumat verən BMA-nın böyük elmi işçisi, musiqişünas Şəfəq Hacıyevanın sözlərinə görə, müsabiqənin ərsəyə gəlməsində BMA-nın rektoru professor Fərhad Bədəlbəyli, Əməkdar müəllim, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, məktəb-studiyanın direktoru Sevda Məmmədova və baş metodisti Natəvan Fərzəliyevanın böyük əməyi olub.
Üç nominasiya – “Fortepiano”, “Simli alətlər”, “Vokal” üzrə keçirilən elmi-ifaçılıq müsabiqəsində üç yaş qrupunda şagird və tələbələr iştirak ediblər.
İki turdan ibarət müsabiqənin üç yaş qrupu və üç nominasiya üzrə ümumilikdə 17 laureatı, 6 diplomantı olub. 6 iştirakçıya “Qara Qarayev əsərlərinin ən yaxşı ifasına görə”, 1 tələbəyə “İfa etdiyi əsərlərin ən yaxşı məruzəçisi” diplomları təqdim olunub.