Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında böyük əməyi olan alimlərimizdən biri də akademik Məmməd Cəfər Cəfərovdur. Görkəmli alim ömrünün 60 ilə yaxın bir dövrünü Azərbaycan ədəbi tənqidinin, mədəni-estetik fikrinin yeni yaradıcılıq keyfiyyətləri qazanmasına həsr edib. Eyni zamanda rus, Avropa və Şərq ədəbiyyatı tarixi ilə bağlı əhəmiyyətli tədqiqatlar aparıb. Bu il alimin anadan olmasının 115 illiyidir.

Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərov 9 may 1909-cu ildə Naxçıvan şəhərində dünyaya göz açıb. Erkən çağlardan valideynlərini itirir. Kiçik yaşlarından ağır zəhmətə qatlaşır. Dərzi yanında şagird kimi fəaliyyət göstərir, çörək sexində işləyir. Bütün bunlara baxmayaraq, həyat onun qarşısına yaxşı insanlar da çıxarır. Qonşuları Zəhra xanım ona ana əvəzi olur. Qış gecələrində balaca Məmmədə nağıllar danışır. Həmçinin papaqçı Qulamhüseyn Şərq nağılları, xüsusilə də klassik şairlər haqqında məlumat verir. Beləliklə, onda ədəbiyyata dərin maraq oyanır. Alim xatirələrində yazır: “...Zəhra xaladan sonra kor Adıgözəllə papaqçı Qulamhüseyn mənim ədəbiyyat müəllimlərim idi...”.

Məmməd Cəfər 1932-ci ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirir. Sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat fakültəsində təhsilini davam etdirir. Tələbəlik dövründə eyni zamanda “Gənc işçi”, “Maarif işçisi” qəzetlərində çalışır. Sonra həmin institutun Ərəb ədəbiyyatı kafedrasının aspiranturasında təhsil alır.

Araşdırmalarda qeyd olunur ki, fransız şairi Volterdən yazdığı diplom işinə görə onu Parisə göndərmək istəyirlər. Lakin 37-ci il hadisələri buna mane olur. O, uzun müddət dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhəmməd Füzuli haqqında tədqiqat əsərləri üzərində işləyir. 1941-ci ildə “Füzuli sevir” məqaləsini, 1959-cu ildə “Füzuli düşünür” monoqrafiyasını, 1960-cı ildə “Füzuli yaşayır” məqaləsini elmi ictimaiyyətə təqdim edən alim Füzulinin fəlsəfi dünyasını belə ifadə edir: “Füzuli sevir, Füzuli düşünür deməkdir. Aşiq Füzuli ilə mütəfəkkir Füzuli ancaq vəhdət halında alındığı zaman onu duymaq olur. Füzuli başqa cür dərk edilə bilməz... Biz Füzulinin böyük fikirlərini onun aşiqanə deyilmiş sözlərində axtarmalıyıq. Füzulinin aşiqanə sözləri, onun həkimanə sözləridir”.

Görkəmli alim 1960-cı ildə yazdığı “Hüseyn Cavid” monoqrafiyası ilə cavidşünaslığın əsasını qoyur. 1963-cü ildə isə “Azərbaycan ədəbiyyatında romantizm” monoqrafiyasını yazır. Eyni zamanda “Rus ədəbiyyatı tarixi oçerkləri”, “Rus klassikləri” və üçcildlik “XIX əsr rus ədəbiyyatı tarixi” adlı dərs vəsaitləri işıq üzü görür. “Estetik zövq haqqında”, “Mütəfəkirin şəxsiyyəti”, “Estetik tərbiyə, ailə və məktəb”, “Həyatın romantikası”, “Nizaminin fikir dünyası” kitabları isə elm və ədəbi aləmdə maraqla qarşılanır.

1947-ci ildə filologiya üzrə namizədlik, 1961-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edir. Professor elmi adını alır. 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1976-cı ildə həqiqi üzvü seçilir.

Məmməd Cəfər sanballı tədqiqat əsərləri ilə yanaşı, fəal vətəndaş mövqeyi, milli düşüncəsi ilə də seçilib. Görkəmli dilçi alim, akademik Tofiq Hacıyev xatirələrində yazır: “1981-ci il idi. Akademiyada respublika səviyyəsində elmi seminar keçirildi. Məmməd Cəfərin ona xas olmayan əsəbi şəkildə bir alimə üz tutub dediyi sözlər hələ də yaddaşımdan silinməyib: “Bu nə fikirdir söyləyirsən? Azərbaycanlıların türkləşməsi nə deməkdir? Məgər ermənilərin erməniləşməsi, gürcülərin gürcüləşməsi, rusların ruslaşması ifadəsi işlənir?” Əlbəttə, o dövrdə belə bir sərtliklə məsələni qabartmaq böyük cəsarət istəyirdi”.

Xeyirxahlıq mücəssəməsi olan alim indiki Bakı Dövlət Universitetində dekan olarkən kasıb tələbələrə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda işlədiyi vaxtlarda isə gənc həmkarlarına maddi və mənəvi cəhətdən dəstək olub. Filologiya elmləri doktoru, professor Şamil Qurbanov bu barədə yazır: “Məmməd Cəfər müəllimin övladı yox idi. O bütün tələbələri övladı kimi sevirdi. Dekan olduğu vaxtlarda hamının qeydinə qalırdı. Müəllim kimi isə tayı-bərabəri yox idi”.

Məmməd Cəfərin əsərləri keçmiş SSRİ xalqlarının, “Cəlil Məmmədquluzadə”, “Mirzə Ələkbər Sabir” kitabları ingilis, fransız, ərəb, fars, ispan və türk dillərində nəşr olunub.

Əməyi yüksək qiymətləndirilən alim Dövlət mükafatı və “Əməkdar elm xadimi” fəxri adına, “Şərəf nişanı” ordeninə layiq görülüb.

Görkəmli elm xadimi, pedaqoq Məmməd Cəfər Cəfərov 11 may 1992-ci ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Savalan Fərəcov