Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam mühazirələri” layihəsinin növbəti konserti (17 may) “Şur” muğamına həsr olunub.

Konsertdən əvvəl BMM-in direktoru Əməkdar artist Sahib Paşazadə layihənin aparıcısı, tanınmış xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikovu dövlət başçısının sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülməsi münasibətilə təbrik edib, yaradıcılıq uğurları arzulayıb. Xanəndə sənətinə göstərilən diqqətə görə dövlət başçısına və Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirib.

Daha sonra muğam konserti şəklində təqdim olunan ədəbi-bədii gecədə “Şur” muğamı səslənib. Aqil Məlikovun bu muğamın xüsusiyyətləri, şöbələrdə qəzəllərin bölünməsi, rəng və təsniflər haqqında qənaətlərini xanəndə Elbrus Niftəliyev və “Muğam” televiziya müsabiqəsinin qalibləri Xətai Hacıyev və Vüqar Əbilovun ifaları əvəzləyib. Xanəndələr mühazirəni əyani şəkildə öz ifaları ilə tamaşaçılara nümayiş etdiriblər. Onları tarzən Rəşad İbrahimovun rəhbərliyi ilə instrumental heyət müşayiət edib.

Ədəbi-musiqili gecə tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Lalə Azəri