14–25 may tarixlərində 77-ci Kann Film Festivalı keçirilir. “Qızıl palma budağı” uğrunda əsas müsabiqə proqramına 19 film daxildir.
Dünya kino ustalarından ünlü rejissor Frensis Ford Koppola festivala özünün yeni “Meqapolis” filmini gətirib. Devid Kronenbergin “Kəfən”, Yorqos Lantimosun “Xeyirxahlıq növləri” filmləri də mükafata iddiaçılar arasındadır.
Bu il festivalın münsiflər heyətinə “Ledi Bird” və “Barbie” filmlərini çəkən amerikalı xanım rejissor Qreta Gerviq (Greta Gerwig) başçılıq edir. “Qızıl palma budağı”nı kimin alacağına qərar verəcək beynəlxalq jüridə türkiyəli ssenarist və fotoqraf Ebru Ceylan (Kann festivalının mükafatçısı, məşhur rejissor Nuri Bilge Ceylanın həyat yoldaşı) da yer alıb.
Festivalın müsabiqədənkənar proqramları da var. Qısametrajlı filmlər nümayişi sırasına azərbaycanlı rejissor Azər Quliyevin “Sanki yoxsan” adlı ekran işi də daxil edilib.
77-ci Kann Film Festivalı çərçivəsində müsabiqədənkənar göstərilməsi planlaşdırılan İsrail istehsalı olan “Bearing Witness” (“Şahid”, 2023) filminin nümayişi isə son anda təxirə salınıb. Bildirilir ki, film HƏMAS-ın İsrail şəhərlərinə hücumundan bəhs edir. Filmə 7 oktyabr 2023-cü il hücumunun şahidləri və fələstinli silahlıların özləri tərəfindən lentə alınan kadrlar daxildir. Filmin nümayişinin təhlükəsizlik səbəbindən ləğv edildiyi xəbər verilir.
V.Kamal