Türkiyənin cənub-qərbində Dənizli vilayətindəki qədim Laodikeya yaşayış yeri ərazisində qazıntı işləri aparan arxeoloqlar qrupu yunan mifologiyasından sağlamlıq ilahəsi Higeyanın heykəlinin bir hissəsini aşkar ediblər.

2100 il əvvələ aid olduğu bildirilən artefaktı Pamukkale Universitetinin professoru Cəlal Şimşəyin rəhbərlik etdiyi mütəxəssislər tapıblar.

Yunan mifologiyasında Higeya çox vaxt sol əlində fincan, sağ əlinə sarılmış ilanla təsvir edilir. Arxeoloqların üzə çıxardığı heykəl parçasında onun baş hissəsi əks olunub.

Qeyd edək ki, müasir Türkiyənin yerləşdiyi coğrafiya dünyanın ən qədim sivilizasiyalarına məskən olub. Ölkənin müxtəlif yerlərində arxeoloji ekspedisiyaların sayı ildən-ilə artır. Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının bu ilin sonuna kimi 750-yə, 2026-cı ilə qədər isə 800-ə çatacağı gözlənilir.