Bölgələrdə 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə müxtəlif səpkili tədbirlər keçirilib.

Şirvan şəhər Mədəniyyət Mərkəzi və “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əlamətdar günün yaranması haqqında məlumat verilib, kompozisiyalar təqdim edilib.

Şirvan Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi qazisi Rəsul İsmayılovun dekorativ işlərindən ibarət fərdi sərgisi keçirilib. Sərgidən sonra qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar.

Neftçala Tarix-Diyarşünaslıq Muzeyi Xanoğlan Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzinin foyesində tədbir və sərgi təşkil edib.

Əlamətdar günlə bağlı Hacıqabul rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə müxtəlif başlıqlı sərgilər izlənilib, kompozisiyalar və musiqi nömrələri təqdim olunub.

***

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS Mərkəzi Kitabxanasının əməkdaşları və bir qrup oxucu Quba Tarix-Diyarşünaslıq Muzeyində ekskursiyada olublar. Muzey bələdçisi muzeyin fəaliyyəti haqqında məlumat verib, zəngin tariximizi əks etdirən eksponatlar haqqında danışıb.

Siyəzən rayon Heydər Əliyev Mərkəzində “Muzey ünsiyyət yaradır” adlı tədbir keçirilib. Çıxışlarda vurğulanıb ki, ölkəmizdə muzey işinin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider tərəfindən bu sahədə müəyyən edilmiş prioritetlər Prezident İlham Əliyevin rəhbərliyində uğurla davam etdirilir.

***

Dağlıq Şirvan RMİ və Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə qoruq tərəfindən Basqal kəlağayıları, xalçalar, Basqal qəsəbəsinə aid kulinariya, mədəni irs nümunələri və ağacoyma sənəti nümunələri nümayiş etdirilib. Rayon Mədəniyyət Mərkəzinin “Niyal” instrumental ansamblının konserti alqışlarla qarşılanıb.

***

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Şəki-Zaqatala RMİ-nin tabeliyində fəaliyyət göstərən müəssisələr tərəfindən ekskursiyalar və tədbirlər həyata keçirilib. Əlamətdar Günün tarixindən və əhəmiyyətindən söz açılıb.

***

Bərdə Tarix-Diyarşünaslıq Muzeyində “Dünənimizin, bu günümüzün və sabahımızın carçıları” adlı tədbir təşkil edilib. Çıxışlardan sonra Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbinin müəllimləri tərəfindən bədii proqram təqdim olunub.

***

Qazax-Tovuz RMİ-nin tabeliyində fəaliyyət göstərən muzeylərdə Beynəlxalq Muzeylər Günü münasibətilə “açıq qapı” elan olunub. Aksiya çərçivəsində məktəb kollektivlərinin, sakinlərin muzeylərə ekskursiyaları təşkil edilib. Ziyarətçilərə muzeylərin fəaliyyəti, rayonun və bölgənin tarixi haqqında ətraflı məlumat verilib.

Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Hər muzey bir abidədir” adlı tədbir keçirilib. Bildirilib ki, gənc nəslin muzeyləri ziyarət etməsi onların tarixi-mədəni irsimiz haqqında biliklərini artırır, milli dəyərlərə məhəbbət ruhunda formalaşmasına xidmət edir.

Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə muzeyin direktoru Cavanşir Pirverdiyev məruzə ilə çıxış edib. Tədbirdə Şəmkir rayon Uşaq musiqi məktəbi və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ədəbi-bədii kompozisiya nümayiş olunub.

***

Əlamətdar günlə bağlı Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “açıq qapı” günü elan olunub. Lənkəran rayonunun bir sıra ümumtəhsil məktəblərinin şagirdləri, sakinlər və şəhərin qonaqları mərkəzdəki ekspozisiyalarla tanış olublar.

Masallı Tarix-Diyarşünaslıq Muzeyi, rayon Heydər Əliyev Mərkəzi və Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Muzeylər, təhsil və tədqiqat” devizi altında elmi-praktik konfrans keçirilib. “Muzeylər, təhsil və tədqiqat” mövzusunda çıxış edən muzeyşünaslar muzeylərin əhəmiyyətini vurğulayıblar.

Əlamətdar günlə bağlı Astara Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə qeyd olunub ki, bu gün ölkəmizdə muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində mühüm işlər həyata keçirilir.

Nurəddin Məmmədli