Mədəniyyət Nazirliyinin dəstəyi ilə teatrların ölkə ərazisində qastrol səfərləri davam edir. 18-19 may tarixlərində Mingəçevir Dövlət Dram Teatrının kollektivi iki səhnə əsəri ilə Zaqatala və Balakən rayonlarında qastrolda olub.
Kollektiv hər iki rayonun balaca tamaşaçıları üçün Abdulla Şaiqin “Tıq-tıq xanım” əsəri əsasında rejissor İlqar Rəhimovun səhnələşdirdiyi kukla tamaşasını nümayiş etdirib. Bir neçə seans göstərilən tamaşaya uşaqlar maraqla baxıblar.
Bundan əlavə, yaradıcı heyət Zaqatala və Balakən rayonlarında yazıçı İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyası əsasında Xalq artisti Valeh Kərimovun quruluş verdiyi eyniadlı tamaşanı təqdim edib. Komik hadisələrin maraqlı mizanlarla təqdim olunduğu səhnə əsəri hər iki rayonun tamaşaçılarının alqışları ilə qarşılanıb.
N.Məmmədli