Aviasiya qəzalarında həlak olan dünya liderləri

 

Xəbər verildiyi kimi, mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində baş verən helikopter qəzası zamanı Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin digər yüksəkvəzifəli şəxsləri həlak olublar.

Bu hadisə dünya mediasında fərqli yönləri və hələ bəlli olmayan təfərrüatı ilə geniş rezonans doğurmaqla yanaşı, müxtəlif ölkələrdə baş vermiş bənzər aviaqəzaları da yaddaşlarda təzələyib. Qeyd olunur ki, indiyədək 10-dan artıq dövlət və hökumət başçısı bu cür hadisələrdə dünyasını dəyişib.

7 sentyabr 1940-cı ildə Paraqvayda “Potez 25” hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində ölkə prezidenti, marşal Xose Feliks Estiqarribia ölüb.

17 mart 1957-ci ildə Filippinin rəhbəri Ramon Maqsaysay ölkə ərazisində “Duqlas C-47 Skytrain” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub.

13 aprel 1966-cı ildə İraq Prezidenti Əbdül Salam Aref təyyarə qəzası nəticəsində həyatını itirib.

27 aprel 1969-cu ildə Boliviya prezidenti Rene Barriendos Ortuno ölkə ərazisində helikopter qəzası nəticəsində həlak olub. Vertolyot elektrik xəttinə toxunaraq yerə düşüb.

24 may 1981-ci ildə Ekvador prezidenti Xayme Roldos Aqileranın içində olduğu  “Beechcraft Super King Air” təyyarəsi Perunun cənubunda dağlara çırpılıb.

19 oktyabr 1986-cı ildə Mozambikdə ölkə başçısı Samora Macel və hökumət nümayəndə heyəti yerli aviaşirkətə aid “TU-134A-3” sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olub. Təyyarəni sovet uçuş heyəti idarə edirmiş.

17 avqust 1988-ci ildə – Pakistan Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed C-130 Hercules” təyyarəsi Bahavalpur hava limanından havaya qalxandan az sonra qəzaya uğrayıb. Pakistan Prezidenti Məhəmməd Ziya-ül-Həq, ABŞ-nin bu ölkədəki səfiri Arnold Lyuis Rafel və digər sərnişinlər həlak olublar.

Bu hadisələrlə bağlı pilot səhvindən sui-qəsdə qədər müxtəlif versiyalar irəli sürülsə də, gerçək üzə çıxmayıb.

6 aprel 1994-cü ildə Ruandanın Kiqali hava limanı yaxınlığında Ruanda və Burundi prezidentləri Juvenal Habyarimana və Kiprien Ntaryamira “Dassault Falcon 50” təyyarəsi yer-hava raketi ilə vurulması nəticəsində ölüblər.

26 fevral 2004-cü ildə Makedoniya Prezidenti Boris Traykovski “Beechcraft Super King Air 200” təyyarəsi Bosniyanın Mostar şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirib.

10 aprel 2010-cu ildə Polşa Hərbi Hava Qüvvələrinə məxsus “TU-154M” sərnişin təyyarəsi Rusiyanın Smolensk şəhərində aeroporta eniş edərkən qəzaya düşüb. Prezident Lex Kaçinski və Polşa siyasi və hərbi elitasının nümayəndələri də daxil – ümumilikdə 89 sərnişin və 7 ekipaj üzvü həlak olub.