Mayın 19-dan 23-dək ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri keçirilir. Mayın 20-də mədəniyyət günləri çərçivəsində Nizami Kino Mərkəzində Tacik kinosu günlərinin açılış mərasimi olub.
Tamaşaçılar ilk olaraq Azərbaycan-Tacikistan dostluğunu nümayiş etdirən videoçarxı izləyiblər. Videoçarxda Prezident İlham Əliyevin Tacikistana səfərindən fraqmentlər də yer alıb.
Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək Tacikistandan gələn qonaqları və tədbir iştirakçılarını salamlayıb. Deyib ki, dost respublikalarımız coğrafi baxımdan uzaq olsa da, uzun illər ərzində iki ölkə çox yaxın əməkdaşlıq edib. Eyni zamanda kinematoqraflarımız arasında həmişə sıx münasibətlər olub. Ötən əsrin 60-cı illərinin əvvəlində görkəmli Azərbaycan bəstəkarları Tofiq Quliyev və Arif Məlikov bir sıra tacik filmlərinə musiqilər yazıblar. Azərbaycan aktyorları Fərhad Yusifov, Bəşir Səfəroğlu, Rasim Balayev, Tariyel Qasımov və Həmidə Ömərova dost ölkənin bir neçə ekran əsərində rol alıblar.
Görkəmli tacik aktyoru Haşim Qadoyev “Dədə Qorqud” və “Məlikməmməd” filmlərində çəkilib, Komil Yormatov dəfələrlə Azərbaycan səhnələrində çıxış edib. “Azərbaycanda bu gün keçirilən Tacikistan Mədəniyyəti Günləri kinematoqraflarımız arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək”, – deyə C.Quliyev bildirib.
“Tacikfilm”in baş direktoru Mahmadsaid Şoxiyon qeyd edib ki, müstəqillik illərində iki ölkə arasında diplomatik münasibətlər dinamik inkişaf edib və bu gün qardaş xalqlarımızın xeyrinə mühüm nəticələr əldə olunub. Tacikistan Prezidenti Emoməli Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı möhkəm və etibarlı təmaslar buna böyük töhfə verib.
Tacikistan Kinematoqrafçılar İttifaqının sədri Səfər Hakdodov bildirib ki, Tacikistan-Azərbaycan əlaqələri mədəniyyətin müxtəlif sahələri, eləcə də ədəbiyyat üzrə tarixi köklərə bağlıdır: “Əminəm ki, iki ölkə arasında əməkdaşlıq bundan sonra da inkişaf edəcək. İki qardaş ölkə arasında əməkdaşlığın mədəniyyət günləri çərçivəsində davam etməsi sevindirici haldır”.
Sonra Tacikistan tərəfindən Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyevə xatirə hədiyyəsi, Xalq artisti Tariyel Qasımova isə “Tacikistan kinosunun əlaçısı” medalı təqdim olunub.
Daha sonra “Tacikfilm”in istehsalı olan “Rüstəm və Sohrab” filmi nümayiş etdirilib. Boris Kimyaqarovun filmində rollardan birini Tarıyel Qasımov oynayır. Filmin bəstəkarı görkəmli Azərbaycan bəstəkarı Arif Məlikov, dirijoru Niyazidir.
Əbülqasım Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında 1971-ci ildə lentə alınan filmin süjeti cəngavər Rüstəmin qəhrəmanlığı və şücaəti, gözəl Təhminəyə olan sevgisi, Rüstəmin oğlu ilə çoxdan gözlənilən görüşü, habelə xəbis və məkrli Kavus şahın xəyanəti haqqında əfsanələrə əsaslanır.
Mayın 21-də Nizami Kino Mərkəzində kinosevərlər “Şöhrətlənən Sarəzm” sənədli filmini izləyiblər. Mayın 22-də isə “Tale” (“Fortuna”) bədii filmi göstəriləcək. Mədəniyyət günlərinin sonuncu günü – mayın 23-də Nizami Kino Mərkəzində (saat 16:00) Tacik kinosu günlərinin bağlanışı və “Güzgü” bədii filminin nümayişi olacaq.
Lalə Azəri