Teatr sənəti sahəsində təhsil alan, hədəfi təkcə ölkə miqyasına deyil, dünya səhnələrinə də çıxmaq olan ümidverici gənclər növbəti layihədə bir araya gəliblər. Sözsüz ki, ilk olaraq Türk dünyasının sənət ocaqlarında təhsil alan həmyaşıdları ilə birgə.

20-22 may tarixlərində Bakıda “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı keçirilir. TÜRKSOY, Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən festivalda beş ölkə – Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və  Qırğızıstan təmsil olunur.

Qardaş ölkələrdən mədəniyyət və incəsənət profilli ali təhsil ocaqlarının rektorları, müəllimləri, eləcə də aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrindən ibarət nümayəndə heyətlərinin iştirakı ilə sənət bayramı çərçivəsində ilk tədbirlər ADMİU-nun ev sahibliyində baş tutdu.

ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayaraq “Türk dünyası” Beynəlxalq Tələbə Tamaşaları Festivalının rəhbərlik etdiyi universitetdə keçirilməsindən qürur duyduğunu dedi, bu məsuliyyətli vəzifəni onlara həvalə etdiyi üçün TÜRKSOY-un baş katibi Sultan Raevə təşəkkürünü bildirdi. Vurğuladı ki, bu kimi tədbirlər qardaş ölkələr arasında uzunmüddətli mədəni əlaqələrin, təhsil sahəsində əməkdaşlığın inkişafının bariz nümunəsidir.

TÜRKSOY-un baş katibi Sultan Raev festival münasibətilə hər kəsi təbrik edərək iştirakçılara uğurlar arzuladı, yaradıcılıq sahələrində təhsil alan istedadlı gənclərə inamını ifadə etdi.

Festival proqramına uyğun olaraq qonaqlar ADMİU təmsilçilərinin ifasında S.Şendilin “Qanlı Nigar” tamaşasına baxdılar.

Sonra festival iştirakçıları ADMİU-nun müəllimi, “dOM Teatrı”nın rəhbəri, rejissor Tərlan Rəsulovun təqdimatında “İnteraktiv teatr” mövzusunda seminara qatıldılar.

Həmin gün festivala həsr olunmuş mətbuat konfransı da keçirildi.

TÜRKSOY-un baş katibi Sultan Raev, ADMİU-nun rektoru Ceyran Mahmudova, Ankara Musiqi və İncəsənət Universitetinin rektoru Erhan Özden, Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanov, T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının rektoru Arman Judebaev, Qırğız Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Tumonboy Koldoşovun iştirak etdiyi konfransda ölkələrarası təhsil, sənət sahəsində əməkdaşlıq, tələbə mübadiləsi, müştərək layihələr ətrafında söhbət açıldı.

Sultan Raev ilki Özbəkistanda keçirilən festivalın əhəmiyyətini vurğuladı, 30 illik zəngin yol keçən TÜRKSOY-un bu kimi ideyaları daim dəstəklədiyini bildirdi. Qeyd etdi ki, TÜRKSOY əlaqələrin intensiv hal alması üçün yaradıcılıq istiqamətlərində təhsil verən müəssisələrin və onların sayəsində dünya mədəniyyətinə inteqrasiyanı hədəfləyən gənclərin daha da tanınması, ən azı öz həmyaşıdları, gələcək həmkarları ilə təmasına çalışır.

Baş katib bu məramla ötən il Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin mədəniyyət və incəsənət profilli beş ali təhsil ocağının iştirakı ilə yaradılan Türk Dünyası Sənət Universitetləri Birliyindən də söz açdı.

Gələcək üçün fərqli istiqamətlərdə planları olan və onların realizəsinə məhz bu festivalla daha tez nail oluncağını deyən S.Raev rektorların mayın sonuna planlaşdırılan ikinci görüşündə bir sıra önəmli qərarların alınacağını da bildirdi.

Rektor Ceyran Mahmudova ADMİU-da həyata keçirdikləri önəmli tədbirlərdən və layihələrdən bəhs etdi, bu festivalın universitet üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Rektor həmçinin tələbələrin ilk sınaq, özünü nümayiş meydanı olan festivalın münsiflər heyətində Türk dünyasının nüfuzlu sənət xadimlərinin təmsil olunduqlarını diqqətə çatdırdı.

Xatırladaq ki, festivalın münsiflər heyətinə Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov (sədr), sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, teatr tənqidçisi Meruyert Jaksılıkova (Qazaxıstan), Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu Musiqili teatr sənəti kafedrasının müdiri dosent Şerzod Muhammadiyev (Özbəkistan), Xalq yazıçısı, rejissor, teatr tənqidçisi Janış Kulmanbetov (Qırğızıstan) və rejissor, aktyor, pedaqoq Murat Atak (Türkiyə) daxildir.

***

Mayın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında festivalın təntənəli açılış mərasimi keçirildi.

Mədəniyyət, Elm və Təhsil nazirlikləri, AMEA, elm və təhsil ocaqlarının rəhbər şəxslərinin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi mərasimdə öncə TÜRKSOY-un 30 illik tarixinə qısa videoçarxla nəzər salındı. Türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilatın bu müddətdə böyük işlərə imza atdığı vurğulandı.

Festivalın işinə uğurlar arzulayan TÜRKSOY-un baş katibi Sultan Raev dedi ki, təşkilat gənclərlə bağlı layihələri daim dəstəkləyir. O, qədim və zəngin türk mədəniyyəti və irsinin dünya miqyasında daha da tanınması işində istedadlı gənclərə inamını ifadə edərək festivalın da bu mərama xidmət etdiyini bildirdi.

ADMİU-nun rektoru Ceyran Mahmudova bu festival ideyasını dəstəkləyən və realizəsinə şərait yaradan qurumlara təşəkkür etdi.

Çıxışların ardınca festivalın bədii proqramı təqdim olundu.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin ssenari müəllifi, Əməkdar artist Nicat Kazımovun rejissoru olduğu proqramda türk ulusunun keçdiyi böyük tarixə sərkərdələrin, dövlət qurucularının bədii obrazlarında nəzər salındı, incəsənətin ayrı-ayrı istiqamətlərinin zövqlü çələngi təqdim olundu.

Tamaşaçılar ADMİU-nun xalq çalğı alətləri orkestri (bədii rəhbər və dirijor Mustafa Aşurov), tələbə xoru (bədii rəhbər və dirijor Təranə Yusifova), universitetin müəllim və tələbələri, müxtəlif illərdə məzun olmuş tanınmış aktyorlar, habelə Bakı Xoreoqrafiya Akademiyasının tələbə və şagirdlərindən ibarət rəqs kollektivlərinin iştirakı ilə Türk dünyasının seçkin musiqi və rəqs nümunələrini izlədilər.

***

Festivalın tamaşalarına gəlincə, qardaş ölkədən tələbələrin səhnə işləri Akademik Rus Dram və Milli Gənc Tamaşaçılar teatrlarında nümayiş olunur.

Mayın 22-də Dövlət Milli Gənc Tamaşaçılar Teatrında festivalın rəsmi bağlanış və mükafatlandırma mərasimi keçiriləcək.

Həmidə Nizamiqızı