Xəbər verildiyi kimi, Prezident İlham Əliyev mayın 18-də Cəbrayıl və Zəngilan rayonlarına səfər edib.
Dövlətimizin başçısı Cəbrayıl rayonunda daha dörd yaşayış məntəqəsinin – Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin, həmçinin Zəngilan rayonunda Mincivan qəsəbəsinin təməlini qoyub.
Prezidentə yenidən qurulacaq yaşayış məntəqələrinin baş planları və görüləcək işlər barədə məlumat verilib.
Bildirilib ki, Böyük Mərcanlı kəndi Araz vadisində, Cəbrayıl şəhərindən 22 kilometr məsafədə yerləşir. Cəbrayıl rayonunun ən böyük kəndidir. Baş plana əsasən, kəndin ümumi sahəsi 362 hektar təşkil edir. 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları layihələndirilib. 2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır. Bu mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək.
Cəbrayıl rayonunun Karxulu kəndi şimaldan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti ilə əhatə olunub. 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində kənddə 4428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur. 2026-cı ilədək dövrü əhatə edən mərhələdə 691 sakin üçün 145 fərdi ev tikilməlidir.
Rayonun Sarıcallı kəndi şimaldan yeni salınan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, şimal-şərqdən Şükürbəyli kəndi, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti, cənub-qərbdən və qərbdən Soltanlı kəndi ilə əhatə olunub. Baş planda kəndin ümumi sahəsi 330 hektar təşkil edir. 2040-cı ilədək 4740 nəfər əhali üçün 1185 fərdi evin və bir neçə mərtəbəli bloklu binanın layihələndirilməsi nəzərdə tutulur. 2026-cı ilədək dövrü əhatə edən birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 104 hektardır. Bu mərhələdə kəndə 1016 sakinin köçürülməsi üçün 242 fərdi ev inşa olunacaq.
Maşanlı kəndinin 2040-cı ilədək layihələndirilən ərazisi 157,54 hektar olacaq. Həmin müddətdə kənddə 2360 sakin üçün 590 fərdi evin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulub. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 2026-cı ilədək məskunlaşacaq əhalinin yaşayış yükü nəzərə alınaraq, birinci mərhələ üçün 50 hektar yer ayrılıb. Bu mərhələdə 944 sakin üçün 236 fərdi ev tikiləcək.
Zəngilan rayonunun Mincivan qəsəbəsi rayon mərkəzindən 13,2 kilometr cənub-şərq istiqamətində, Araz çayının sahilində respublika əhəmiyyətli Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu və Horadiz-Ağbənd dəmir yolu xətti üzərində yerləşir. Qəsəbənin sahəsi 301,51 hektar olacaq. 2040-cı ilədək qəsəbədə 9088 nəfər üçün 630 ev və bir neçə mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulub. Birinci mərhələ üçün layihələndirilən ərazinin sahəsi 153,4 hektardır. Bu mərhələdə Mincivan qəsəbəsinə 3146 nəfərin köçürülməsi üçün 628 ev və 92 mənzildən ibarət bir neçə mərtəbəli dörd yaşayış binasının tikintisi planlaşdırılır.
Xatırladaq ki, bundan öncə Cəbrayıl rayonunda beş yaşayış məntəqəsinin – Cəbrayıl şəhəri, Xudafərin qəsəbəsi, Şükürbəyli, Horovlu və Soltanlı kəndlərinin yenidən salınması başlanıb. Zəngilan rayonunun yenidən salınan Ağalı kəndi ilk sakinlərini 2022-ci ildə qəbul edib. Həmçinin Zəngilan şəhərinin, rayonun Alıbəyli, Zəngilan, Cahangirbəyli kəndlərinin inşası başlanıb.
***
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 18-də Zəngilan rayonunda “AzərEnerji”nin “Zəngilan” və “Şayıflı” su elektrik stansiyalarının açılışlarını edib.
Bundan əlavə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin və Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak ediblər.