Mayın 31-də Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijoru Mustafa Aşurov) 28 May – Müstəqillik Gününə həsr olunan konsert proqramı keçiriləcək.

Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri təqdim olunacaq.

Xalq Çalğı Alətləri Orkestri Müslüm Maqomayevin təklifi ilə Üzeyir Hacıbəyli tərəfindən 1931-ci ildə yaradılıb. Bununla nəinki Azərbaycanda, bütün Şərq aləmində professional notlu xalq çalğı alətləri orkestrinin əsası qoyulub. 

İlk illərdə orkestrin dirijoru və rəhbəri Üzeyir Hacıbəyli, konsertmeysteri Səid Rüstəmov olub. Orkestrin tərkibi isə kamança, saz, balaban, zurna, dəf, nağara alətlərindən ibarət idi. 1935-ci ildə Üzeyir bəyin təklifi ilə S.Rüstəmov orkestrə baş dirijor və bədii rəhbər təyin edilir. Orkestrin repertuarı xalq mahnı və təsniflərindən, rənglərdən ibarət olsa da, tezliklə M.Maqomayev, Ü.Hacıbəyli və S.Rüstəmov orkestr üçün yeni əsərlər yazırlar. M.Maqomayevin “Radio marşı”, Üzeyir bəyin 1 və 2 nömrəli fantaziyaları, S.Rüstəmovun mahnıları kollektivin repertuarını daha da zənginləşdirir. Sonrakı illərdə F.Əmirov, Niyazi, S.Ələsgərov, C.Cahangirov, H.Xanməmmədov, A.Gəray və digər görkəmli bəstəkarlar kollektiv üçün əsərlər yazırlar.

Orkestrə S.Rüstəmovdan sonra Xalq artisti Nəriman Əzimov və Əməkdar artist Faiq Sadıqov rəhbərlik ediblər.

Xatırladaq ki, Nazirlər Kabinetinin 31 oktyabr 2023-cü il tarixli qərarı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və C.Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə verilib.

Lalə