Mədəniyyət Nazirliyinin dəstəyi və TikTok video platformasının təşəbbüsü ilə keçirilən #TikTokdanÖyrən müsabiqəsi başa çatıb və qaliblər müəyyən olunub. İki ay müddətində istifadəçilər ümumilikdə 20 mindən çox maarifləndirici video yaradıblar.
Qeyd edək ki, bu ilin əvvəlində TikTok platforması Azərbaycanda təhsil məzmununun inkişafını dəstəkləmək və istifadəçilərə qısa video formatında bilikləri paylaşmaq və üfüqlərini genişləndirmək imkanı vermək üçün #TikTokdanÖyrən layihəsinə start verib.
Müsabiqədə #TikTokdanÖyrən həştəqindən istifadə edərək ən azı 30 saniyəlik maarifləndirici videolar yaradan bütün TikTok istifadəçiləri iştirak ediblər.
Ən yaxşı videoçarxların müəllifləri üç kateqoriya üzrə müəyyən edilib.
Musiqi müəllimi @vusalsuleymanov Lüdviq Bethovenin “Xəz Elizası” əsərinin yaranma tarixindən kreativ və ətraflı danışdığı video ilə “Ən kreativ video” nominasiyasında qalib olub.
“Ən yaxşı video” nominasiyasında qalib @origami8574 tərəfindən mükəmməl origami qırıcı təyyarəsinin necə hazırlanacağına dair təlimat xarakterli video olub. Bu video müsabiqə dövründə bütün videolar arasında ən çox baxış toplayıb.
“TikTok-da kəşf” kateqoriyasının qalib müəllifi @abbasov__eziz olub. Onun avtomobil təmiri ilə bağlı videoları müsabiqənin bütün müddəti ərzində ümumilikdə ən yüksək baxış sayı toplayıb.
Qaliblərə TikTok-dan smartfon hədiyyə olunub.
Layihənin əsas tərəfdaşı Mədəniyyət Nazirliyi olub. Bu tərəfdaşlığın bir hissəsi olaraq, TikTok-da hesablar yaradan mədəniyyət müəssisələri də (o cümlədən 14 teatr, 6 muzey, Milli Kitabxana) layihəyə qoşulub.
Milli Xalça Muzeyi @nationalcarpetmuseum hesabında xalçaçılığın tarixindən və inkişafından bəhs edir. Milli Tarix Muzeyinin @nmuseumhistoryazerbaijan hesabında arxeoloji kolleksiyanın eksponatlarına baxmaq və Zeynalabdin Tağıyev sarayı haqqında məlumat əldə etmək mümkündür. Milli İncəsənət Muzeyi @natalartmuseum.az hesabında öz sərgilərinə virtual turlar təşkil edir.
Teatrların videoçarxlarına ümumilikdə 650 min baxış olub. Akademik Rus Dram Teatrı @rusdrama.az hesabında tamaşaların necə hazırlanmasını, Akademik Musiqili Teatrının aktyorları @akademik.musiqili hesabında iş günlərinin necə keçdiyini paylaşıblar, Akademik Opera və Balet Teatrının hesabında isə opera əsərlərindən parçalara baxmaq imkanı yaradılıb.
Azərbaycan Milli Kitabxanasının @milli.kitabxana hesabında kitab kolleksiyaları nümayiş olunub. İstifadəçilər müxtəlif mövzularda videolar paylaşıblar. Ən çox müzakirə olunan mövzulardan biri isə yemək bişirmək olub. Dil öyrənməklə bağlı videolar, idman məzmunu da geniş yer alıb.
Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov bildirib ki, layihənin nəticələri ümidvericidir: “İnanırıq ki, bu platformada mədəni məzmunun həcminin artması ilə birlikdə ölkəmizdə TikTok istifadəçiləri arasında mədəniyyətə dəyər verənlər çoxalacaq”.
TikTok-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Sergey Sokolov layihənin əhəmiyyətini qeyd edib: “#TikTokdanÖyrən Azərbaycanda ilk genişmiqyaslı kampaniyamızdır. İki ay ərzində müxtəlif mövzularda məlumat və “lifehack”lərin istifadəçilərin böyük marağına səbəb olduğunu görürük”.