Çoxcəhətli elmi yaradıcılıq fəaliyyəti ilə dilçilik elmimizə töhfələr verən alimlərdən biri də filologiya elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Yusif Seyidov olub. Bu il görkəmli alimin anadan olmasından 95 il ötür.
Yusif Mirəhməd oğlu Seyidov 2 may 1929-cu ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Yengicə kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra ikiillik Naxçıvan Müəllimlər İnstitutunda və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alır. Təhsilini başa vurduqdan sonra dilçilik ixtisası üzrə aspiranturada saxlanılır. “Müasir Azərbaycan dilində feli bağlama tərkibləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Universitetdə Ümumi dilçilik kafedrasında müəllim, baş müəllim, dosent, professor işləyir. 1965-ci ildə “Müasir Azərbaycan dilində söz birləşmələri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri olur. Rusdilli məktəblər üçün “Azərbaycan dili” dərsliyini hazırlayır. Elmi-pedaqoji fəaliyyətlə yanaşı, tənqidçi və ədəbiyyatşünas kimi də çalışır.
Daima axtarışda olan, araşdırmalar aparan və milli dəyərlərə söykənən professor ilk dəfə olaraq linqvistik təhlilləri bədii nəsr nümunələri ilə aparmaq ənənəsini dilçilik elminə gətirir. Görkəmli alim bir sıra məqalələrində, “Klassik Azərbaycan şairləri söz haqqında”, “Yazıçı və dil”, “Sözün qüdrəti”, “Sözün hikməti” və s. kimi monoqrafiyalarında XI əsrdən başlayaraq XX əsrin sonlarına qədər Azərbaycan yazıçılarının söz və sənət haqqında, dil və onun insan həyatında, cəmiyyətdə rolu, əhəmiyyəti barədə fikirlərini toplayıb sistemləşdirir. Xalqın dilçilik, qismən də ədəbiyyatşünaslıq və estetik görüşlərinin yığcam salnaməsini yaradır.
Yusif Seyidov həmçinin elmi məzmununa, metodiki mükəmməlliyinə görə dəyərləndirilən “Müasir Azərbaycan dili”, “Müasir Azərbaycan dili. IV hissə. Sintaksis” dərsliklərin əsas müəlliflərindən biri, təkrar nəşr edilən “Azərbaycan dili” və “Azərbaycan dilinin qrammatikası. Morfologiya” kimi ali məktəb dərsliklərinin müəllifi olub.
Akademik İsa Həbibbəyli görkəmli alimin elmi araşdırmalarından bəhs edərkən yazır: “Azərbaycan dilçiliyində sintaktik əlaqələrin elmi əsaslarla geniş tədqiqi professor Yusif Seyidovun adı ilə bağlıdır. O, türkologiyada tabesizlik və tabelilik əlaqələrinin bütün sintaktik vahidlər üzrə (söz birləşmələrindən mürəkkəb cümləyə qədər) təzahür hallarını müəyyən edib. Bu sahədə bir sıra yeni elmi fikirlər irəli sürüb. Azərbaycan dilçilik elmini və ümumən türkologiyanı yeni elmi müddəalarla zənginləşdirib...”.
Dilçi alim Azərbaycan dili tarixinə dair də səmərəli tədqiqatlar aparıb. Alim “Nəsiminin dili” monoqrafiyasında Azərbaycan dilinin inkişafı tarixində şairin rolunu tədqiq edib. Dilçiliyin nəzəri və tətbiqi problemlərinə dair 200-dən çox məqalə, 30-dan çox kitab (monoqrafiya, dərslik və dərs vəsaitləri) ərsəyə gətirib.
Yusif Seyidov 1985–2006-cı illərdə Təhsil Nazirliyi Elmi Metodik Şurası filologiya bölməsinin sədri, 2001-ci ildən Azərbaycan Dövlət Dil Komissiyasının üzvü olub. Dövri mətbuatda dil və ədəbiyyatşünaslıq məsələləri ilə bağlı müntəzəm çıxışlar edib.
Görkəmli alimin səmərəli elmi araşdırmaları, geniş pedaqoji fəaliyyəti ilə yanaşı, elmi rəhbərliyi altında onlarla namizədlik və doktorluq dissertasiyaları müdafiə olunub. Elmin inkişafında və gənc kadrların hazırlanmasındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına və Dövlət mükafatına layiq görülüb. O, həmçinin 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Şərəfli ömür yolu keçən Yusif Seyidov 18 noyabr 2013-cü ildə vəfat edib, xatirəsi bu gün də hörmət və ehtiramla anılır.
Savalan Fərəcov