Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illiyi ilə əlaqədar Şuşa Dövlət Musiqili Dram Teatrı “Boy çiçəyi” tamaşası ilə Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində çıxış edib. Səhnə əsəri Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə reallaşan “Qonaq teatr” layihəsi çərçivəsində təqdim olunub.
Tamaşadan əvvəl ATXİ-nin məsul katibi Aida Qafarova və Xalq artisti Mərahim Fərzəlibəyov çıxış edərək İlyas Əfəndiyevin yaradıcılıq yolundan, milli teatr sənətimizə bəxş etdiyi əsərlərdən söhbət açıblar.
Sonra tamaşa nümayiş olunub.
“Boy çiçəyi” (sonradan “Sən həmişə mənimləsən” adı ilə məşhurlaşıb) pyesinin yazılmasından 60 il vaxt keçməsinə baxmayaraq, əsər bu gün də sevilir, tamaşaçı zövqünü oxşayır.
Nümayişdən sonra tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov və iştirakçılar – Əməkdar artistlər Nazir Rüstəmov, Azad Məmmədov, aktyorlar Zəhra Salayeva və Püstəxanım Zeynalova ATXİ-nin fəxri fərmanları ilə təltif olunublar.
İlyas Əfəndiyevin yubileyi münasibətilə “Boy çiçəyi” tamaşası mayın 26-da Şuşa teatrının öz səhnəsində də oynanılacaq.