İstanbulda 6–9 iyun tarixlərində keçiriləcək VI Dünya Etnosport Mədəniyyət Festivalında Azərbaycan da təmsil olunacaq. Bu barədə ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən (AMM) məlumat verilib.
Dünya Etnosport Konfederasiyası tərəfindən təşkil olunan tədbirdə qurulacaq Azərbaycan çadırında ölkəmizin milli-mədəni dəyərləri, eləcə də milli musiqi və rəqsləri nümayiş olunacaq. Çadırda müxtəlif bölgələrimizə aid xalçalar, Azərbaycan kəndlisinin həyat tərzini əks etdirən ev əşyaları, milli geyimlər iştirakçılara təqdim olunacaq. Qonaqlar Azərbaycan xalçasının toxunma prosesi, miniatür rəsmlərin yaradılması və ağac üzərində oyma sənətinə dair iş prosesini yaxından izləmək imkanı əldə edəcəklər.
Tədbirin bədii hissəsində AMM-in nəzdində fəaliyyət göstərən “Xəzər” rəqs ansamblının, azərbaycanlı gənc ritm ustalarının, Ağdam rayon Gülablı kənd Uşaq musiqi məktəbinin müəllimi, xanəndə Habil Məmmədovun və şagirdlərinin çıxışları nəzərdə tutulub. Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Qarabağ atlarının keçidi də olacaq.
İstanbulun keçmiş Atatürk hava limanının ərazisində təşkil olunacaq tədbirdə dünyanın 30-dan çox ölkəsinin iştirakı gözlənilir.
Qeyd edək ki, 2016-cı ildən etibarən Dünya Etnosport Konfederasiyası tərəfindən təşkil olunan festivalda indiyədək 50-dən artıq ölkə təmsil olunub. Festivalda iştirakçı ölkələrin milli-mənəvi dəyərlərinin tanıdılması ilə yanaşı, oxatma, yağlı güləş, at yarışları daxil olmaqla müxtəlif ənənəvi idman növləri üzrə yarışlar da keçirilir.
Dünya Etnosport Konfederasiyasına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan rəhbərlik edir.