Bu günlərdə (23 may) 91 yaşını tamamlayan Türkiyənin milli aviadaşıyıcısı – “Türk Hava Yolları” şirkəti özünün 100 və Türkiyə Cümhuriyyətin 110 illiyinin geniş qeyd olunacağı 2033-cü ilə hədəflərini açıqlayıb.

2022-ci ildə 72 milyon, 2023-cü ildə isə 83 milyon sərnişin daşıyan “Türk Hava Yolları” 2033-cü ildə bu göstəricini 171 milyona çatdırmağı planlaşdırır.

Qarşıdakı doqquz ildə təyyarə parkını böyütməyi planlayan şirkət son illərdə sərnişin axınında nəzərəçarpacaq artıma nail olub.

“Türk Hava Yolları”nın hədəflərinə əsasən, şirkətin parkı yaxın illərdə 813 laynerə çatacaq.

Hazırda aviaşirkət 456 təyyarə ilə 130-dan çox ölkəyə uçuşlar həyata keçirir. Orta hesabla hər 59 saniyədə dünyanın hava limanlarından Türkiyə milli aviadaşıyıcısının bir təyyarəsi havaya qalxır. Aviaşirkətin xidmətlərindən orta hesabla gündəlik 250 min nəfər istifadə edir.