Sumqayıt Dövlət Dram Teatrında mərhum rejissor, Əməkdar artist Namis Şirməmmədovun xatirəsi yad edilib.
Ötən ay həyatdan gedişi ilə teatr aləminə, dostlarına, əzizlərinə, Sumqayıt Dövlət Dram Teatrının kollektivinə hüzn yaşatmış sənətkarın anım mərasimi dəfn olunduğu Sumqayıt məzarlığından başlayıb.
Sonra onun ömrünü bəxş etdiyi teatr səhnəsində quruluş verdiyi tamaşalardan, aktyor kimi rol aldığı səhnə işlərindən bəhs olunub.
Teatrın direktoru Samir Şəfiyev, baş rejissoru Xalq artisti Firudin Məhərrəmov, aktyorun sənət dostları onun haqqında xatirələrini bölüşüblər.
Fədakar teatr təmsilçisinin özünəməxsus yaradıcılıq yolu olduğu, teatra, səhnəyə sonsuz məhəbbətlə bağlandığı vurğulanıb.
Çıxışların ardınca N.Şirməmmədovun quruluş verdiyi “O olmasın, bu olsun” tamaşası (Ü.Hacıbəyli) nümayiş olunub.