Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə “Animafilm” festivalı regionlarda” layihəsi 16-17 may tarixlərində Lənkəranda gerçəkləşib.
Animasiya kinosunun təbliği məqsədilə keçirilən tədbir zamanı Lənkəran şəhər Mədəniyyət Mərkəzində iki gün ərzində 29 film nümayiş edirilib.
Hər nümayişdən sonra tamaşaçılarla geniş müzakirələr təşkil olunub. Müzakirələrdə “Animafilm” festivalının kreativ direktoru Nəzrin Ağamalıyeva, rejissor Elçin Hami Axundov, Lənkəran Dövlət Dram Teatrının aktyorları Allahverən Babayev, Əbülfəz Axundov və başqaları fikirlərini bölüşüblər.
Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva, Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar Qılıncov və Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev layihə haqqında danışıblar.
Festivalda tamaşaçıların səsvermə (bəyənmə) sayına görə “Pıspısa xanım və Siçan bəy” (rejissor Məsud Pənahi, Ağanağı Axundov – Azərbaycan), “Hər bir yerdə” (“Everywhere”, rejissor Step Cheung, Kai Chung Ng – Çin) və “Müharibənin sonu” (“The End of War”, rejissor Lei Chen – Çin) filmləri qalib olub.
Festival çərçivəsində sənədli animasiya vörkşopu da keçirilib. Rejissorlar Nəzrin Ağamalıyeva və Elçin Hami Axundov iştirakçılara sənədli animasiya ilə bağlı məlumat veriblər.
Qeyd edək ki, “Animafilm” festivalı regionlarda” layihəsi çərçivəsində 2021-ci ildə Şəkidə, 2023-cü ildə isə Naxçıvanda tədbirlər keçirilib.