Qax rayon MKS-nin təşkilatçılığı ilə Səməd Vurğun adına rayon Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Kitabla açılsın hər sabahımız” adlı tədbir keçirilib.

Tədbirdə musiqi nömrələri ifa olunub, şeir qiraəti və kompozisiyalar təqdim edilib. Sonda Ulu öndər Heydər Əliyevin həyat yolunu və siyasi fəaliyyətini əks etdirən kitablardan ibarət sərgiyə baxış olub.

***

Ağdam rayon MKS-nin 29 saylı II Quzanlı kənd kitabxanası rayon Mədəniyyət Mərkəzində dahi şair Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə tədbir keçirib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Füzulinin həyat və yaradıcılığından söz açılıb, oxucular şairin qəzəllərini qiraət edib və söz ustadının şeirləri üstündə muğamlar səsləndirilib.

***

Camal İsmayılov adına Neftçala şəhər Uşaq incəsənət məktəbinin iki şagirdi Qara Qarayev adına VI respublika elmi-ifaçılıq müsabiqəsində yüksək nəticə əldə edib. Vüsal Sultanlı müsabiqənin laureatı, Esmira Hüseynova isə diplomant adına layiq görülüb.

Şirvan şəhər Uşaq musiqi məktəbinin də iki şagirdi eyni müsabiqədə uğur qazanıb. Fortepiano nominasiyası üzrə Nuray Məmmədova diplomant adına layiq görülüb, Aysel Məmmədli həvəsləndirici diplomla mükafatlandırılıb.

Həmçinin Biləsuvar rayon Nihad Babayev adına Xırmandalı kənd Uşaq incəsənət məktəbinin şagirdi Cahad Qasımlı həvəsləndirici diplomla təltif edilib.

***

Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyətə könül ver!” layihəsi çərçivəsində “Bizimlə öyrən” adlı silsilə təlim və görüşlər Gəncə şəhərində davam edir. Görüşün növbəti qonağı alpinist Turan Əhmədov olub. Qonaq “Zirvələri necə fəth edək” mövzusunda iştirakçılara təlim keçib.

***

Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli yazıçı-dramaturq, mətbuat xadimi Cəlil Məmmədquluzadənin (1869–1932) anadan olmasının 155 illiyi ilə əlaqədar tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, Cəlil Məmmədquluzadə ədəbi yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını məzmun və formaca zənginləşdirib, təsisçisi və redaktoru olduğu “Molla Nəsrəddin” jurnalı ilə mətbu məktəb yaradıb.

Astara Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə şəhər 5 saylı tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar sərgi təşkil edilib.

Cəlilabad Dövlət Rəsm Qalereyasının əməkdaşları Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Arif oğlu Abdullayevin ailəsini ziyarət ediblər. Ziyarət zamanı qalereyanın əməkdaşı Ramilə Quliyevanın çəkdiyi şəhidin və atasının portreti qəhrəmanın ev-muzeyinə hədiyyə olunub.

Nurəddin Məmmədli