Tələbə tamaşaları festivalı başa çatdı
Xəbər verdiyimiz kimi, 20-22 may tarixlərində TÜRKSOY, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı keçirilib.
Festivalda beş ölkənin – Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın mədəniyyət və incəsənət sahələri üzrə ixtisaslaşan ali təhsil müəssisələri təmsil olunurdu.
ADMİU-nun ev sahibliyi etdiyi Türk dünyası tələbə-gənclərinin sənət bayramı maraqlı tamaşa nümayişləri ilə yanaşı, bir sıra tədbirlərlə də yadda qaldı.
Festivalın ikinci günündə (21 may) Türk dünyası İncəsənət Universitetləri Birliyi rektorlarının 4-cü görüşü baş tutdu.
Həmin gün festival iştirakçıları Madina Kulseitovanın (Qazaxıstan) “Aktyor sənətinin elementləri” adlı ustad dərsini də dinlədilər.
Sonra festival iştirakçılarından Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasının (Türkiyə) təmsilçiləri J.Tardyönün “Bilet kassası” adlı tamaşası (rejissor Ediz Demircan) ilə çıxış etdilər.
Absurd janrlı səhnə əsərinin qəhrəmanı dəmir yolu vağzalında çamadanını itirən sərnişindir. Fəlsəfi yozumlu tamaşa kiçik məkanda fərqli mövzulu suallara cavab axtarmağa çalışan sərnişinlə vağzal məmuru arasındakı söhbəti ön plana çıxarır.
Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun tələbələrinin təqdim etdiyi nümunə isə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası idi. Tələbələr böyük sənətkarın dünyaca məşhur əsərinin özünəməxsus yozumuna, ələlxüsus da özbək koloritini qatmaqla maraqlı bir tərtibata çalışmışdılar.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında baş tutan nümayişlərlə bərabər, ustad dərsləri də həm tələbələr, həm də adi tamaşaçılar tərəfindən də maraqla qarşılandı.
Festivalın son günü Milli Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsi T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı nəzdindəki Teatr Kollecinin III kurs tələbələrinin ixtiyarında idi. Onlar həmyaşıdları ilə görüşə Ç.Aytmatov yaradıcılığından “Erkən gələn durnalar” əsəri əsasında hazırlanan eyniadlı tamaşa (kurs rəhbəri Arnis Kıdımışev, rejissor Erkin Egemberdiyev) ilə gəlmişdilər.
Tələbə aktyorlar müharibə dövrü qəhrəmanlarının çətin həyatını əks etdirən əsəri təsirli təqdim edə bildilər.
Festival proqramındakı son tamaşa Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında nümayiş olundu.
T.Jurgenev adına Qazax Milli İncəsənət Akademiyasının tələbələri F.Q.Lorkanın “Bernarda Albanın evi” (rejissor Reyhan Sangibayeva) tamaşasını nümayiş etdirdilər. Dul qalmış ananın qızları üzərindəki hökmranlığını, qəti qanunlarını, diktə etdiyi qaydaları ön planda göstərən tamaşada biz müəllifin ana ideyasının – zamanın rejiminə etirazının müasir çalarlarda işartılarını da gördük.
Mayın 22-də axşam Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında festivalın bağlanış və mükafatlandırılma mərasimi oldu.
ADMİU-nun rektoru professor, Əməkdar incəsənət xadimi Ceyran Mahmudova çıxış edərək artıq gözəl ənənəyə çevrilən festivalın keçirilməsini bu il onlara həvalə etdiklərinə görə TÜRKSOY-un baş katibi Sultan Raevə təşəkkürünü bildirdi. Rektor həmçinin festivalın təşkilində iştiraka və dəstəyə görə Azərbaycanın Elm və Təhsil Nazirliyinə, Mədəniyyət Nazirliyinə, festival iştirakçılarına öz səhnələrində qucaq açan Azərbaycan Dövlət Akademik Musiqili, Akademik Rus Dram və Milli Gənc Tamaşaçılar teatrlarına minnətdarlığını ifadə etdi.
TÜRKSOY-un baş katibi S.Raev festivalın təşkilatçılığından məmnunluqla danışdı, əməyi keçənlərə təşəkkürünü bildirdi.
Çıxışların ardından T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının pedaqoqu Madina Kulseitova, münsiflər heyətinin sədri professor İsrafil İsrafilov, münsiflər Murat Atak, Meruyert Jaksılıkova, Janış Kulmanbetov, eləcə də Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı və dOM Teatrının bədii rəhbəri, rejissor Tərlan Rəsulov ADMİU-nun təşəkkürnamələri ilə təltif olundular.
Nəhayət, festival iştirakçılarının maraq və həyəcanla gözlədiyi an yetişdi.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov münsiflər heyəti adından çıxış edərək festivalın böyük uğurla keçirildiyini, göstərilən bütün tamaşaların bir-birindən maraqlı və diqqətəlayiq olduğunu vurğuladı.
Müvafiq nominasiyalar üzrə qaliblərin adları açıqlandı.
Beləliklə, münsiflərin qərarına əsasən, “Ən uğurlu aktyor dueti” nominasiyası üzrə Türkiyədən Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyası (J.Tardyö, “Bilet kassası”), “Ənənəyə sadiqlik” nominasiyası üzrə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu (Ü.Hacıbəyli, “Arşın mal alan”), “Ən yaxşı aktyor ansamblı” nominasiyası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (S.Şendil, “Qanlı Nigar”), “Ən yaxşı tamaşa” nominasiyası üzrə T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası (F.Q.Lorka, “Bernarda Albanın evi”) və T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının nəzdində Teatr Kolleci (Ç.Aytmatov, “Erkən gələn durnalar”) qalib elan edildilər və kuboklarla mükafatlandırıldılar.
Bağlanış mərasiminin bədii proqramında Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, ADMİU-nun müəllimi Səxavət Məmmədov, ADMİU-nun məzunu Gülyar Hüseynzadə, III kurs tələbəsi Mütəllim Mütəllimov, I kurs magistr tələbəsi Sərvər Yılmaz öz ifaları ilə qonaqlara xoş anlar bəxş etdilər.
Qeyd edək ki, növbəti “Türk dünyası” Beynəlxalq Tələbə Tamaşaları Festivalı gələn ilin mayında Qazaxıstanda keçiriləcək.
Həmidə