Azərbaycanın İtaliyadakı Səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Azərbaycanın Mədəniyyət Mərkəzində keçirilən mərasimdə səfir Rəşad Aslanov çıxış edərək 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlamentli respublika olan Xalq Cümhuriyyətinin elan edildiyini xatırladıb. Qeyd edib ki, Azərbaycan diplomatiyası ilk addımlarını atanda 1919-cu ildə Bakıda İtaliya da daxil olmaqla 16 ölkənin diplomatik nümayəndəliyi fəaliyyət göstərib.
Diplomat Azərbaycan və İtaliyanın humanitar sahədə də sıx əməkdaşlıq etdiyini, bu il 20 illik yubileyini qeyd edən Heydər Əliyev Fondunun iki ölkə arasında mədəniyyət mübadiləsində mühüm rol oynadığını vurğulayıb.
Müstəqillik Günü münasibətilə İtaliya hökumətinin təbriklərini çatdıran ətraf mühit və enerji təhlükəsizliyi nazirinin müavini Vannia Qava Azərbaycanın İtaliya üçün mühüm tərəfdaş ölkə olduğunu vurğulayıb. Ölkəsinin G7-yə sədrlik etdiyini bildirən nazir müavini İtaliyanın COP29 konfransının uğurlu keçməsi üçün Azərbaycanla birgə işləməkdən məmnunluq duyduqlarını qeyd edib.
Mərasimdə Azərbaycan-İtaliya münasibətlərinə dair videoçarx nümayiş olunub. Əməkdar artist, tarzən Sahib Paşazadənin və fortepianoda Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Firuzə Bəylərovanın ifasında milli musiqilər səsləndirilib.
Azərbaycan mətbəxinin təamlarından ibarət ziyafət verilib.