Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 üçün vahid onlayn rezervasiya platforması təqdim edilib.

Mayın 23-də COP29 ofisində keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib ki, rezervasiya platforması tədbirdə iştirak etmək istəyənlər üçün müxtəlif otaq növləri və logistika baxımından əlçatan olması kimi amillər əsas götürülməklə hazırlanıb.

Rezervasiya platforması bronlar üçün https://cop29-accommodation.bnetwork.com ünvanında aktivdir.

“Biz dünya ölkələrini Bakıda qarşılamağa hazırlaşırıq. Bundan öncə COP tədbirlərinə ev sahibliyi etmiş ölkələrin qonaqlar üçün yerləşmə yerlərinin təmin olunması məsələsinə yanaşması tərəfimizdən öyrənilib və bu metodların bəzi elementləri tədbirin ev sahibi olaraq planlarımıza inteqrasiya edilib”, – deyə A.Hüseynova bildirib.

Agentlik bütün tədbir iştirakçılarının yüksək səviyyədə qarşılanmasını təmin etmək üçün şəhər və regiondakı hotellər, onlayn yerləşmə platformaları və digər yerləşmə vasitələri ilə sıx əməkdaşlıq edir. Platformaya daxil olan hotellər keyfiyyət, yerləşmə və tədbir üçün təşkil olunacaq nəqliyyat xidmətləri əsasında seçilib. Agentlik tərəfindən 300-dən artıq yerləşmə müəssisəsi audit edilib və onlardan təxminən 200-ü təsnif edilərək ulduz dərəcəsi əldə edib. Ulduz təsnifatından keçməyən 40-a yaxın hotelə nöqsanları aradan qaldırmaq üçün müddət verilib və onlarda təkrar audit həyata keçiriləcək.

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə 300-ə yaxın yerləşmə vasitəsinin 2000-ə yaxın personalına xidmət keyfiyyətinin artırılması məqsədilə peşə təlimlərinin keçirilməsi üzərində işlər aparılır. Bundan əlavə, 200 turizm bələdçisinə təlimlərin keçirilməsi və sertifikatlaşdırılması, 1000-ə yaxın turizm könüllüsünə təlimlər keçirilərək müvafiq hotellərə təhkim olunması nəzərdə tutulur.